Professor Həmid Vəliyevin 80 illiyi qeyd edildi
Oktyabrın 10-da Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Keçmişimizə ehtiram gələcəyimiz üçün təcrübə qaynağıdır” layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstanın Əməkdar jurnalisti, professor Həmid Vəliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş mərasim və yubilyarın Azərbaycan Dövlət Universitetinin 100 illiyinə həsr etdiyi "Ömür dedikləri..." kitabının təqdimatı keçirilib.
Mərasimi açan Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun salamını və təbrikini yubilyara çatdırib və ona Mətbuat Şurasının diplomunu təqdim edib. Həmid Vəliyevə həmçinin Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi verilib.
Tanınmış qələm sahibləri Nəsir Əhmədli, Tahir Aydınoğlu, Sabir Sadaxlı, Müşfiq Borçalı, Adil Cəmil, Namiq Əhmədov və başqaları çıxış edərək Həmid Vəliyevin həyat yolundan danışdılar, təqdimatı keçirilən "Ömür dedikləri..." kitabını yüksək dəyərləndiriblər.
Axırda Həmid Vəliyev çıxış edərək Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildiriblər.