Mediada gender statistikası tədqiqatının aparılmasını zəruri edən səbəblər - (IX məqalə)

BMT-nin "Gender bərabərliyi və insan inkişafı" hesabatında qeyd edilir ki, "qadınlar və kişilər  özlərinin bioloji xüsusiyyətlərinə,  anatomik strukturlarına görə cins fərqliliyinə malik olsalar da, sosio-mədəni mühitdə bərabər imkanlara sahib olmalıdırlar". İnsanların bioloji, anatomik özəllikləri onların karyera qurmaq imkanlarını məhdudlaşdırmamalı, sosial-iqtisadi, siyasi və hüquqi mühitdə təmsil olunmalarının qarşısını almamalıdır. "Gender bərabərliyi" anlayışı cəmiyyətdə hər iki cinsə  bərabər imkanların yaradılmasını ehtiva edir.

Son elmi ədəbiyyatlarda qeyd edilir ki, gender bərabərliyi yalnız mənəvi, mədəni, sosial məsələ deyil, eləcə də, dünyada iqtisadi inkişafın təminatçısıdır. O, bir tərəfdən təhsil, səhiyyə, siyasi və hüquqi sahələrdə bərabər imkanları nəzərdə tutmaqla sosial-mədəni faktora çevrilirsə, digər tərəfdən bərabər iqtisadi imkanlar təmin etməklə özündə ÜDM-ni ehtiva edir. Birləşmiş Millətlər Təşkilatının "Dayanıqlı İnkişaf  Məqsədləri - 2030" proqramında bildirilir ki, qadınlara və kişilərə cəmiyyətdə bərabər imkanlar yaratdıqda daha sağlam ailələr, güclü iqtisadiyat, firavan həyat  ortaya çıxır. Bərabərlik hansı sahələrdə təmin edilirsə, həmin sahələrdə xüsusi inkişaf qeydə alınır. Gender bərabərliyi olmadan, cəmiyyətin inkişafı mümkünsüzdür.

Problem ondadır ki, hal-hazırda dünyanın heç bir ölkəsində gender bərabərliyi tam formada, bütöv olaraq təmin edilməyib. Bu, Dünya İqtisadi Forumunun 2018-ci il üzrə hesabatında (WEF: "Global Gender Gap Report 2018") rəqəmlərlə isbata yetirilib. Hesabatda qeyd edilir ki, günümüzdə qadınlara qarşı zorakılıq, cinsi ayrı-seçkilik, cinsi qısnama, əmək və təhsil hüquqlarının pozulması faktları bütün ölkələrdə qeydə alınır: "Reallıq bundan ibarətdir ki, dünyada gender bərabərliyi göstəricisi 65-in 35-ə nisbətində təmin edilə bilib. Hesablamalara görə, qadınlar dünya əmtəəsinin 2/3-ni yerinə yetirirlər, buna rəğmən, gəlirlərin 10%-ni alırlar və dünya mülkiyyətinin ancaq 1%-nə sahibdirlər".

Problemi aradan qaldırmaq, gender bərabərliyinin təmin olunmasına yardım göstərmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropa İttifaqının fəaliyyətində gender bərabərliyi əsas fəaliyyət öhdəliyi kimi qəbul edilir. Bu təşkilatlar tərəfindən "Gender bərabərliyi"nin təmin edilməsi 21-ci əsrin prioritetlərindən biri kimi müəyyən edilir. Qeyd edilən sahədə nailiyyətlər əldə edilməsi üçün çoxsaylı proqramlar tərtib olunur. Həmin proqramlarda qeyd edilir ki, gender bərabərliyinin təmin edilməsi üçün qarşıda duran ilk vəzifə cəmiyyətlərdə mövcud olan  gender əsaslı stereotiplərin aradan qaldırılmasıdır.

Cəmiyyətdə gender stereotiplərinin aradan qaldırılması məqsədilə tərtib edilən proqramların icrasında rol alan komponentlərdən biri də mediadır. Avropa Şurasının hazırladığı "2018-2023-cü illər üzrə Gender Bərabərliyi Strategiyası"nda  media "təbii tərəfdaşlarından biri" adlandırılır. AŞ-nin "Mediada qadınların obrazına dair Tövsiyə"sində isə qeyd edilir ki, medianın müxtəlif qolları -televiziyalar, qəzetlər, radiolar, o cümlədən, internet media və sosial media - gender stereotiplərinin dağıdılması sahəsində həm geniş imkanlara, həm də öhdəliklərə malikdirlər. Hesab olunur ki, jurnalistlərin gender bərabərliyi prinsipinin mahiyyətini tam dərk edərək fəaliyyət göstərmələri cəmiyyətdəki cinslərarası bərabərsizliyin aradan qaldırılmasına, mənfi stereotiplərin ortadan çıxmasına yol aça bilər.

Bunlar, medianın funksional fəaliyyətinə, medianın məzmun yaradılıcığına aid olan fikirlərdir. Paralel olaraq, medianın gender bərabərliyinin təmin edilməsi sahəsində verə biləcəyi töhfələrə dair ikinci istiqamət vardır. Bu,  media sahəsinin özündə, media strukturlarında gender bərabərliyinin təmin edilməsidir.  Media strukturları müstəvisində gender bərabərliyini təmin etməklə, onu həyatın digər sahələrinə nümunə kimi göstərmək mümkündür. Bu baxımdan medianın qərarvermə və idarəetmə səviyyələrində qadın və kişilərin bərabər iştirakı bütün beynəlxalq təşkilatların sənədlərində təşviq edilir. Qadınların mediada idarəetmə və qərarvermə məqamlarında iştirakının stimullaşdırılması ən yüksək prioritetlərindən biri kimi qarşıya qoyulur. Avropa Şurası 1984-cü ildən başlayaraq qadınları "medianın qərarvermə, idarəetmə orqanlarında bərabər paya daxil etmək" üçün media təşkilatlarını müsbət fəaliyyət proqramları tərtib etməyə çağırmışdır.

Narahatlıq doğuran hal budur ki, yaşadığımız dövrdə bəzən hər iki istiqamət üzrə - həm media idarəetməsi, həm də məzmunun yaradılması prosesində gender bərabərliyi prinsipi pozulur. KİV işçiləri, xəbər istehsalçıları bəzən bilməyərəkdən, fərqinə varmadan, bəzən də bilərəkdən, reytinq qazanmaq xatirinə gender stereotiplərin dərinləşməsinə xidmət edən informasiyalar yayırlar; məzmun yaradıcılığında gender  balansının pozulmasına gətirib çıxaran təhriflərə yol verirlər. Digər tərəfdən, monitorinq təşkilatları məlumat verirlər ki, qadınlar media strukturlarında qərarvermə, idarəçilik və təsisçilik proseslərində kişilərdən geridə qalırlar. Medianın qərarvermə və idarəetmə səviyyələrində qadın və kişilərin bərabər iştirakı mövzusu bütün beynəlxalq sənədlərdə təşviq edilsə də, XXI əsrin ilk onilliyinin sonunda hələ də buna nail olunmamışdır.

Beynəlxalq Jurnalistlər Federasiyasının hesablamalarına əsasən, qlobal səviyyədə media qurumu sahibləri və rəhbərlərinin 73 faizini kişilər, 27 faizini qadınlar təşkil edirlər. 2018-ci ildə  hazırlanmış və Avropa İttifaqı  ölkələrini əhatə edən "Avropada Media Pluralizminin Monitorinqi"  hesabatında göstərilir ki, media pluralizmi sahəsində aşkar edilən yüksək risk mənbələrindən biri də  "media idarəetməsi və məzmunun yaradılmasında gender bərabərliyi" prinsipinin pozulmasıdır.  Araşdırmada müəyyən edilmişdir ki, qadınlar "Avropada idarəetmə rolları və media məzmunu sahəsində yetərli səviyyədə təmsil olunmurlar".

2011-ci ildə Carolyn M.Byerly tərəfindən Qadınların Beynəlxalq Media Fondu (IWMF) üçün sorğu keçirilmişdir və bu sorğunun nəticələri UNESCO tərəfindən də dəstəklənmişdir. Yekun olaraq hazırlanmış sənəddə göstərilmişdir ki, "sorğunun keçirildiyi 522 şirkətdə (59 ölkədə) qadınlar tam ştatlı işçi qüvvəsinin yalnız üçdə birini (33.3 faiz) təşkil edirlər". İdarəetmə vəzifələrinə nəzər saldıqda, araşdırma göstərmişdir ki, "ən yüksək idarəetmə işlərindən 73 faizində kişilər, 27 faizində isə qadınlar təmsil olunurlar".

Bu və digər hesabatlar deməyə əsas verir ki, media müstəvisində  qadınlarla kişilərin bərabərhüquqlu fəaliyyətinin təmin edilməsi, gender bərabərliyinin arzuedilən səviyyəyə çatdırılması üçün yeni təkliflər  hazırlanmalı, bu sahədə fəaliyyətlər stimullaşdırılmalıdır.

Yeni dinamika yarada biləcək təkliflərin hazırlanması üçün media sahəsində gender münasibətlərinin  durumu ardıcıllıqla monitorinq edilməli, sistemli araşdırmalar aparılmalı, statistik göstəricilər əldə edilməli, təhlil olunmalı və bunlara uyğun olaraq təkliflər verilməlidir. 

"525-ci qəzet", 18 oktyabr 2024-cü il.

18.10.2024