Azərbaycan jurnalistlərinin istinad etdikləri beynəlxalq kodekslər - VIII məqalə
"Etik Kodeks"lər jurnalistikanın prinsiplərini ümumi şəkildə ifadə etsələr də, bəzi mövzular üzrə daha detallı, aydın yanaşma tələb olunur. Bu mənada "Təlimatlar", "Qaydalar" və "Bələdçilər"in tərtib olunması məqbul sayılır. Məsələn, uşaqlarla bağlı informasiyalara həssas yanaşılması prinsipi etik kodekslərdə yer tutur. Bu, Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinin 3-cü prinsipində də mövcuddur. PRİNSİP 3-də, 9-cu maddədə qeyd edilir ki:
- Jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı,
- Onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli,
- valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir.
- Daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir.
- Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır.
Buna rəğmən, uşaqlar mövzusunun həssaslığını nəzərə alaraq, Beynəlxalq Jurnalistlər Federasiyası "Media və uşaq hüquqları: jurnalistlər üçün bələdçi"ni hazırlayıb. Sənəd uşaqlar haqqında informasiya hazırlamağın 10 şərtini müəyyən edir (https://www.ifj.org/media-centre/news/detail/category/asia-pacific/article/the-media-and-childrens-rights-guidebook-for-journalists-representing-children-in-the-media). Bələdçidə qeyd edilir ki,
- Jurnalist uşaqlarla bağlı problemlər barədə məlumat verərkən həssaslıq və dəqiqlik göstərməli;
- Uşaqlara zərər yetirəcək məlumatların, təsvirlərin nəşrindən boyun qaçırmalıdır.
Göründüyü kimi, beynəlxalq təlimatlarda əks edilən prinsiplərin bir çoxu AJEDK-də öz əksini tapıbdır. Bununla belə, Azərbaycan Mətbuat Şurası öz növbəsində yerli jurnalistlərə mütərəqqi ideyalara xidmət edən beynəlxalq sənədlərə də istinad olunmasını tövsiyə edibdir.
Azərbaycan mediasının özünütənzimləmə mexanizmi olan Mətbuat Şurası etik davranışları ehtiva edən beynəlxalq sənədlərə istinad etməklə kifayətlənməmiş, zərurət duyulun mövzular üzrə özü də Qaydalar tərtib etmişdir. Məsələn, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin
10 dekabr 2004-cü il tarixli qərarı ilə "Kütləvi aksiyalar zamanı jurnalistlərin davranış qaydaları" adlı sənəd tərtib edilərək qüvvəyə minmişdir (http://presscouncil.az/az/code-of-conduct-for-journalists-during-mass-actions). Bu qaydalar ölkə jurnalistlərinin mitinq və nümayişlərdə, digər ictimai-siyasi, sosial-mədəni əhəmiyyətli hadisələrin baş verdiyi məkanlarda olmaq və informasiya toplamaq üsulunu müəyyən edir.
Bununla yanaşı, müasir trendlərə uyğun olaraq, bir sıra mövzular üzrə jurnalistlər üçün yeni beynəlxlaq kodekslər tərtib edilmişdir ki, onların milli versiyaları hələlik hazırlanmayıb. Bu kontekstdə "Süni intellekt və jurnalistika üzrə Paris Xartiyası"nı nümunə göstərmək olar. 10 noyabr 2023-cü il tarixində qəbul edilən bu xartiya jurnalistlərin, redaksiyaların və media orqanlarının öz işlərində süni intellektdən istifadə qaydalarını müəyyən edir
(https://europeanjournalists.org/blog/2023/11/14/efj-and-16-partners-support-paris-charter-on-ai-and-journalism/).
Sənəd beynəlxalq jurnalist təşkilatları tərəfindən imzalanaraq qəbul edilib. İlk mərhələdə 17 beynəlxalq jurnalist təşkilatı onu imzalayıb.
Xartiyada qeyd olunur ki: "Texnoloji tərəqqi, rəqəmsal transformasiya, xüsusi olaraq süni intellekt alətlərindən istifadə amili jurnalistikanın, redaksiya işinin texniki, iqtisadi və sosial şərtlərini müsbət mənada dəyişir. Bununla yanaşı, yeni texnologiyalar, süni intellekt alətləri etimadlı informasiya əldə etmək baxımından problem də yaradır. Jurnalist yeni texnologiyalardan asılı duruma düşməməli, onlara öz vəzifəsini yerinə yetirmək üçün yardımçı vasitələr kimi yanaşmalıdır".
"Süni intellekt və media" mövzusunda kodeksin milli versiyası hələlik hazırlanmayıb. Bu baxımdan Mətbuat Şurası milli versiyası olmayan, amma mütərəqqi ideyaları ehtiva edən sənədlərə istinad olunmasını məqbul sayır.
Milli versiyası hazırlanmayan beynəlxalq kodekslərdən biri də "Netiket"dir. İnternet informasiya resurslarında etik prinsiplərin qorunmasını nəzərdə tutan "Netiket"in ilk nümunəsi 1980-ci illərin sonunda məşhur "Fidonet" şəbəkəsinin üzvləri tərəfindən yaradılıb. Sonralar veb-şəbəkənin inkişafı nəticəsində bu qaydalar dəyişikliklərə uğrayıb. "İnternet Sosiety" Təşkilatı 1995-ci ildə internet istifadəçiləri üçün təkmilləşdirilmiş kodeksi ("RFC-1855" Request for Comments) dərc edib. Bu kodeks internet informasiya resurslarında şəxsiyyət əleyhinə təhqir, plagiat halları ilə yanaşı, yalan informasiyanı da yasaqlayır.
"Netiket"in milli versiyası hazırlanmasa da, onun beynəlxalq versiyası tərcümə edilərək Azərbaycanda yayılıb. Təkmil sənəd kimi ona istinadlar olunur.
"525-ci qəzet", 9 oktyabr 2024-cü il