"Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi"ni fərqləndirən cəhətlər - VII məqalə

Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi bütün bənzərliklərə rəğmən, bəzi fərqliliklərə, innovativ yönümlü yeniliklərə malikdir. AJEDK zamanın tələbinə, texniki inkişafa uyğun olaraq yeniləşdirilir. O, həm klassik media prinsiplərini ehtiva edir, həm də modern çağırışlarla ayaqlaşa bilir.

Sənəd mövcud olduğu dövrdə 3 dəfə yeniləşdirilib. Azərbaycan  Mətbuat Şurasının ATƏT və Avropa Şurası ilə birgə icra etdiyi layihələr əsasında təkmilləşdirilib. 2018-ci ildə Azərbaycan Mətbuat Şurasının Avropa təsisatları ilə birgə təşəbbüsünün nəticəsi olaraq,  AJEDK-ə yeni prinsip əlavə edilib. Sıra sayı baxımından 4-cü olan bu prinsip medianın gender məsələlərinə yanaşmasını ehtiva edir.

PRİNSİP 4-də qeyd edilir ki:

- Jurnalist gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, cinsiyyətçi ifadələr işlətməməli, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini qabartmamalıdır.

- Jurnalist gender stereotiplərini təbliğ etməməli, mediada qadınların və kişilərin gender stereotiplərindən azad obrazını təsvir etməlidir.

- Jurnalist gender-əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender-əsaslı zorakılığı təşviq etməməli və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırmalıdır.

- Jurnalist çalışdığı və ya əməkdaşlıq etdiyi media qurumunda cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalı, kişi və qadın jurnalistlərə bərabər hüquqlar və imkanlar təmin olunmalıdır.

Məlumat üçün qeyd edək ki, jurnalistika üzrə etik kodeksə medianın gender mövzusuna yanaşmasını ehtiva edən xüsusi prinsipin (maddələrin) əlavə edilməsi praktikası dünyada ilkdir. Düzdür, cinsi, milli, sosial mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməzliyi məsələsi digər ölkələrin jurnalistika kodekslərində də əks edilib. Amma onun detallı, müasir strategiyalara uyğun təsviri ilk dəfə Azərbaycanda tətbiq edilib. 2018-ci ildən etibarən həyata keçirilən bu dəyişikliklər 2022-ci il sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII Qurultayında təsdiq olunaraq qüvvəyə minib.

Yeniləşdirmə prosesi AJEDK-in  məzmunu ilə yanaşı, onun adına da təsir göstərib. İlkin versiyada "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları" adlandırılan sənəd, 2022-ci ildən etibarən "Azərbaycan Jurnalistlərinin Etik Kodeksi" kimi tanınır. Ad dəyişikliyi təklifi təsadüfən yaranmayıb. Onlayn media və sosial şəbəkə platformalarının inkişafına uyğun olaraq gündəmə gətirilib.

Məlumat üçün qeyd edək ki, 8 fevral 2022-ci ildə qüvvəyə minmiş  "Media haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycanda ilk dəfə onlayn media subyektlərinin statusunu hüquqi müstəvidə tanıyıb. Beləliklə, onlayn müstəvidə yayımlanan informasiya resurslarının media subyektləri qismində hüquq və vəzifələri müəyyən edilib.

"Media haqqında" Qanunun Azərbaycan media məkanına gətirdiyi yeniliklərdən biri də sərbəst çalışan jurnalistlərin (frilanser) statuslarının hüquqi müstəvidə tanınmasıdır. Yeni qanun frilanserlərə imkan verir ki, fəaliyyətlərini rəsmiləşdirib, statuslarını tanıtsınlar.

"Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi"nin adının dəyişdirilməsi də bu prosesin tərkib tərkib hissəsidir. Yeniləşmiş sənəd çap, audiovizual media subyektləri və informasiya agentlikləri ilə yanaşı, indi həm də onlayn media subyektlərini və sərbəst çalışan jurnalistləri də əhatə dairəsinə alır.

Məlumat üçün bildirək ki, onlayn media subyektlərinin və sərbəst çalışan jurnalistlərin əhatə dairəsinə alınması təşəbbüsləri hələ 2010-cu illərdə gündəmə gəlib. 2013-cü ildə keçirilən Azərbaycan Jurnalistlərinin VI Qurultayında qərar verilib ki, Mətbuat Şurası xəbər portallarını, yəni internet informasiya resurslarını da üzvlüyə qəbul etsin. Bu, əslində Azərbaycanda internet informasiya resurslarının kütləvi informasiya vasitəsi kimi ciddiyə alınması yönündə atılan ilk addımılardan biri olub. Qurultay qərarından sonra, 2013-cü ildə Mətbuat Şurasının nəzdində "İnternet media resurları üzrə komissiya" yaradılıb. Elə həmin ildən etibarən xəbər portallarının Şuraya üzvlüyünə başlanılıb. İlk olaraq "Day.az", "Lent.az", "Vesti.az", "Publika.az", "Milli.az" saytları, "Gündəlik teleqraf" qəzeti və "Azərfoto" agentliyi MŞ üzvlüyünə qəbul edilib.

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 8 fevral 2022-ci ildə qüvvəyə minməsindən sonra onlayn media resursları ilə iş daha da intensivləşib. "Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi"nin onlayn media subyektlərinə tətbiqi prosesi hüquqi status qazanıb.

Sərbəst çalışan jurnalistlərlə bağlı  proses isə bir qədər gecikib. Onların statuslarının tanınması yönündə ilk real təşəbbüslər 2020-ci ildə - COVİD-19 pandemiyası dövründə meydana çıxıb. Həmin il Mətbuat Şurasının təşəbbüsü nəzərə alınaraq, pandemiya dövrün sərbəst hərəkət hüququ tanınan kateqoriyalar sırasında sərbəst çalışan jurnalistlərə də yer verilib. "Media haqqında" Azərbaycan Respublikasının Qanunu isə bu kateqoriyadan olan jurnalistlərin hüquqlarını qanuni müstəvidə tanıyıb.

Son 2 il ərzində Mətbuat Şurası təşəbbüs göstərir ki, "Etik Kodeks" sosial şəbəkə platformaları üzərindən yayımlanan resuslara da tətbiq edilsin. Bu məqsədlə 2022-ci il oktyabrın 21-də Azərbaycan Mətbuat Şurasında (MŞ) sosial mediada fəal olan kanal rəhbərləri və səhifə idarəçiləri ilə görüş keçirilib. Mövzu üzrə müzakirələr davam etdirilir. 

"525-ci qəzet", 8 oktyabr 2024-cü il. 

15.10.2024