Azərbaycan jurnalistlərinin etik kodeksi dünya təcrübəsi kontekstində - VI məqalə

Jurnalistika üzrə etik kodekslər fərqli ölkələrdə ad, tərtibat və statusuna görə fərqlənirlər. Məsələn, Böyük Britaniyada əksər media subyektlərinin, o cümlədən, BBC-nin redaksiyadaxili kodeksləri mövcuddur. Bununla yanaşı, "BBC davranış kodeksi" redaksiyadaxili statusa malik olsa da, jurnalistika üzrə beynəlxlaq prinsiplərə uyğunlaşdırılıb (https://www.bbc.com/aboutthebbc/reports/policies/codeofconduct).

Britaniyada  Milli Jurnalistlər İttifaqının (NUJ) müəlliflik etdiyi "Davranış kodeksi" isə ümumilikdə Böyük Britaniya və İrlandiya jurnalistlərinin əsas prinsiplərini müəyyən edir. Yəni NUJ tərəfindən tərtib edilən və 1936-cı ildən qüvvəyə minən "Davranış kodeksi"  ölkədə ümumilli kodeks statusuna malikdir (https://www.nuj.org.uk/about-us/rules-and-guidance/code-of-conduct.html). Sənəd jurnalistikanın təməl prinsiplərini ehtiva etməklə yanaşı, texniki inkişafa  uyğunlaşdırılaraq yeniləşdirilib. Hal-hazırda 12 maddədən ibarət olmaqla qüvvədədir.

"Almaniya mətbuat kodeksi" isə tərtibat baxımından daha detallıdır. 16 prinsip, 50 maddədən ibarətdir. Bu kodeks də jurnalistika üzrə həm klassik, həm də modern prinsipləri özündə əks etdirir (https://www.presscouncils.eu/codes/13_de/).

Böyük Britaniya və Almaniya nümunəsi göstərir ki, jurnalistika üzrə etik kodekslər fərqli ölkələrdə müxtəlif formalarda tərtib edilirlər. Maddələrin sayı, əhatə dairəsi baxımından fərqlənirlər. Əsasən, milli jurnalist təşkilatları və ya peşəkar media redaksiyaları tərəfindən hazırlanaraq, sonradan ümummilli status qazanırlar.

Beynəlxalq jurnalist təşkilatlarının hesabatlarından belə görünür ki,  hazırda dünyada jurnalist fəaliyyətinin prinsiplərini ifadə edən etik kodekslərin 400-ə yaxın versiyası mövcuddur (https://en.wikipedia.org/wiki/Journalism_ethics_and_standards#:~:text=%22Truth%22%2C%20%22accuracy%22,potential%20biases%20in%20their%20reporting ). 

Buna rəğmən, müxtəlif ölkələrdə mövcud olan jurnalist kodeksləri struktur tərtibatına, satusuna və əhatə dairəsinə görə fərqlənsələr də, məzmun və hədəflər baxımından yaxındırlar. Onlar bir qayda olaraq "həqiqətə xidmət, dəqiqlik, obyektivlik, qərəzsizlik, ədalətlilik, başqalarına hörmət və ictimai hesabatlılıq prinsipləri" daxil olmaqla, ümumi elementləri bölüşürlər.

"Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi" (AJEDK) də bu baxımdan istisna deyil. O, jurnalistika üzrə beynəlxalq səviyyədə qəbul olunan bütün mütərəqqi prinsipləri özündə əks etdirir. 5 prinsip, 34 maddədən ibarət olan sənədin 1-ci prinsipində qeyd olunur ki:

- "Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır;

- Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.

- Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın (https://presscouncil.az/az/informasiya-etik-standartlari-senedler/517).

İlk prinsipdən də göründüyü kimi, Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi mütərəqqi dünyanın istinad etdiyi jurnalistika kodekslərinə uyğunlaşdırılıb. Eyni məzmunu, eyni prinsipləri ifadə edir. Belə bənzərlik Kodeksin digər 5 prinsipində da aydın şəkildə duyulur. Məsələn, Prinsip 3, maddə 1-də göstərilir ki, "Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır". Qeyd olunan bu prinsip dünyada mövcud olan bütün jurnalist kodekslərində əsas müddəalardan biridir.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi legitimlik baxımından da standartlara uyğundur. Hətta bəzi parametrlər üzrə digər ölkələrin kodekslərindən daha üstün mövqeyə malikdir. Məsələn, əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda jurnalistlərin etik kodeksi "ümumilli kodeks" statusunu legitim əsaslarla qazanıb. Sənəd 2003-cü il mart ayının 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul edilib. Bir təşkilat üzvlərinin iradəsi ilə deyil, ümumilikdə ölkə jurnalistlərinin səsverməsi ilə qəbul edildiyi üçün, ümummilli statuslu legitim sənəd kimi tanınıb.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi bütün bənzərliklərə rəğmən, bəzi fərqliliklərə, innovativ yönümlü yeniliklərə malikdir. Bu yeniliklər onu digər ölkələrin kodekslərindən müsbət mənada fərqləndirir.

Qeyd edilən fərqliliklər barədə növbəti məqaləmizdə daha geniş formada məlumat veriləcək.

"525-ci qəzet", 7 oktyabr 2024-cü il. 

15.10.2024