Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar (III məqalə)
Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyasından, “Media haqqında”, “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlardan, digər normativ hüquqi aktlardan, həmçinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Qeyd edilən qanunların hər biri ümumilikdə Azərbaycan Respublikasının ərazisində informasiyanın əldə olunması, istehsalı və yayılmasının azad, demokratik prinsiplərə əsaslandığını ehtiva edir. Eyni zamanda, bu qanunlarda əldə olunması, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılan informasiyaların təsnifatı verilir. Bu kontekstdə dəyərləndirsək, adı çəkilən qanunların informasiya prosesinə həm ümumi, həm də spesifik yanaşmaları mövcuddur. Hazırladığımız məqalədə adı çəkilən qanunların informasiya prosesinə spesifik yanaşmaları barədə qeydlər yer alıb.
Bəllidir ki, kütləvi informasiyanın emalı prosesi daha çox media subyektləri üzərindən həyata keçirilir. 08 fevral 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu media subyektlərində informasiya yayımının şərtlərini ehtiva edir. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin, kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsinin ümumi qaydalarını müəyyən edir.
30 sentyabr 2005-ci il tarixdə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu isə Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə istinad edir. Həmin maddədə məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz olduğu, hamı üçün bərabər şərtlərə əsaslandığı qeyd edilir. "İnformasiya əldə etmək haqqında" Qanun tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq, istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktların, rəylərin, bilgilərin, xəbərlərin, o cümlədən, digər xarakterli məlumatların azad şəkildə əldə olunub yayılmasına təminat verir. Həmçinin, informasiyanın alınıb yayılmasının forma və mexanizmlərini müəyyən edir.
"İnformasiya əldə etmək haqqında" Qanunu “Media haqqında” Azərbaycan Respublikasının Qanunundan fərqləndirən əsas məqamlardan biri də budur ki, o, təkcə jurnalistlərin deyil, ümumlikdə ölkə vətəndaşlarının istədikləri informasiyanı əldə etmək, sorğu verib cavab almaq hüququnu tanıyır. Dövlət orqanları və bələdiyyələr, o cümlədən, ümumilkdə ictimai informasiya sahiblərinin üzərində informasiyaların açıqlığını təmin etmək öhdəliyi yaradır. İnformasiya sahiblərindən tələb edilir ki, ictimai informasiyaları açıq, əlçatan formada saxlasınlar. Əlçatanlığı təmin etmək məqsədilə internet şəbəkəsində resurslar yaratsınlar.
Qanunun tələbinə əsasən, informasiya sahibləri ictimai informasiyanı elə üsulla açıqlamalıdırlar ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın. Həmçinin, Qanun vətəndaşa hüquq verir ki, onun informasiya sorğusunun icrasından imtina edildiyi, yaxud lazımınca icra olunmadığı təqdirdə məhkəməyə, o cümlədən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət edə bilsin.
19 iyun 1998-ci ildə qəbul edilmiş “Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu da Konstitusiyasının 50-ci maddəsinə istinadən qurulub. Bu qanun da hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını ifadə edir. “Məlumat azadlığı haqqında" Qanunun spesifik cəhətlərindən biri budur ki, o, həm “Alınması məhdudlaşdırılan məlumat”ların (10-cu maddə), həm də “Açıq məlumat”ların (9-cu maddə) dəqiq təsnifatını verir. 10-cu maddədə qeyd edilir ki, “Alınması məhdudlaşdırılan məlumatlar siyahısına dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin, şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar daxildir. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilə bilər”. Amma qanun bu maddəsi bəzi istisna halları da nəzərdə tutur. Qeyd olunur ki, “Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxsi və ailə həyatına, terror aktlarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir”.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 3 aprel 1998-ci ildə qəbul edilsə də, internet informasiya resurslarının inkişafına uyğun olaraq 2017-ci ildə əsaslı şəkildə yeniləşdirilib. Yenilənmiş qanunun əsas mahiyyəti budur ki, o, ölkədə ilk dəfə internet informasiya resurslarının təsnifatını və bu sahədə istifadə olunan terminlərin hüquqi ifadəsini verir. “İnternet informasiya resursu”, “internet informasiya resursunun sahibi”, “domen adı”, “internet provayder”, “host provayder”, “domen adlarının milli inzibatçısı” qismində terminlərin həm açıqlaması, həm də hüquqi məsuliyyəti məhz bu qanun əsasında müəyyən edilir.
Məqalə Azərbaycan Mətbuat Şurası İctimai Birliyi tərəfindən hazırlanıb
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. “Azərbaycan Media landşaftı” barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Mətbuat Şurası (AMŞ) tərəfindən icra olunan “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 12 məqalənin dərc edilməsi nəzərdə tutulub.
"525-ci qəzet", 17 sentyabr 2024-cü il.