"Azərbaycan media landşaftı üzrə məlumat bazası"nda yer tutan istiqamətlər - (II məqalə)
Azərbaycan media mühitini detallı şəkildə təsvir edən hesabat - "media landşaftı üzrə təfsilat" sonuncu dəfə 20 il öncə beynəlxalq təşkilatların və xarici donorların dəstəyi ilə hazırlanıb. Bu, qeyd edilən istiqamətdə ilk və sonuncu sənəd olub. Sonradan təkrarlanmayıb. O baxımdan hazırda milli media məkanında son dəyişiklikləri özündə əks etdirən vahid mənbə yoxdur.
Qeyd etmək zəruridir ki, ayrı-ayrı istiqamətlər üzrə tədqiatlar mövcuddur. Məsələn, Azərbaycan mediasında gender bərabərliyinin vəziyyətinə dair tədqiqat ilk dəfə 2011-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) tərəfindən aparılıb. Bənzər tədqiqat 2019-cu ildə təkrarən həyata keçirilib. Tədqiqatların nəticəsi olaraq, Azərbaycan mediasında gender bərabərliyinin durumuna dair detallı hesabat hazırlanıb. Amma bu, "media landşaftı" üzrə hesabatda yer tutmalı olan çoxsaylı istiqamətlərdən yalnız biridir. Digər komponentlər araşdırmalardan kənarda qalıb. Nəzərə alaq ki, media landşaftı üzrə hesabatların tamamlanması üçün trend mövzuların hər biri üzrə tədqiqatların aparılması zəruridir.
Digər istiqamətlər üzrə tədqiqatların aparılmaması, hesabatların hazırlanmaması, yaxud fərqli istiqamətlər üzrə məlumatların fərqli mənbələrdə təqdim edilməsi Azərbaycan media məkanı və media mühiti barədə qeyri-real mənzərə formalaşdırır. Bunun neqativ tərəfi odur ki, beyəlxalq reytinq təşkilatları Azərbaycanda media mühiti barədə rəy paylaşarkən, qeyri-legitim mənbələrə istisna edirlər. Beynəlxalq reytinq təşkilatlarının Azərbaycan media mühiti sahəsində məlumat almaları üçün istinad edəcəkləri vahid mənbənin olmaması bu mühit barədə yanlış rəy formalaşdırılmasını şərtləndirir. Ümumən, ölkəmiz haqqında uyğun olmayan, qeyri-obyektiv təsəvvür yaradılır. Bu baxımdan Azərbaycan media mühitini müəyyən edən bütün komponentlər üzrə bilgiləri özündə əks etdirən vahid məlumat bazasının - "Azərbaycan media landşaftı üzrə hesabat"ın hazırlanması zərurətə çevrilir.
Etik kodekslərdəki yenilikləri əks etdirən mənbə
Vahid və legitim məlumat mənbəyinin olmaması digər problemlərə də yol açır. Məsələn, müasir dövrdə informasiya dövriyyəsində rol alan platformaların tipi və kəmiyyəti dəyişir. İndi ənənəvi media subyektləri ilə yanaşı, sosial media platformaları da informasiya dövriyyəsində önəmli rol oynayır. Sosial media platformalarının informasiya dövriyyəsində iştirakı fəqli rəqəmlərlə ifadə olunur. Bu rəqəm 50 faizdən 70 faizə qədər aralıqda dəyişir.
Ənənəvi media subyektlərində yayılan informasiya ilə sosial media platformalarında yayılan xəbərlərin kəmiyyəti kimi keyfiyyəti də fərqlidir. İnformasiya, onun standartları, etik çərçivələri barədə müraciət edilən mənbələr fərqli olduğundan, xəbər istehsalçılarının xəbər standartı barədə təsəvvürü də fərqlidir. Əgər 2000-ci illərə qədər jurnalistlərin etik davranışları üzrə bir beynəlxalq xartiya və həmin xartiyaya uyğunlaşdırılmış vahid milli kodekslər var idisə, bu gün durum dəyişib. İndi informasiya dövriyyəsinə aid trendlərə uyğun olaraq, kodekslər də dəyişir. Məişət zorakılığından yazan jurnalistlər üçün xüsusi kodeks var. Yaxud süni intellekt və jurnalistika üzrə əlahiddə bir kodeks hazırlanıb. Mövzulara, trendlərə uyğun olaraq, kodekslər də dəyişir, sayları çoxalır.
Bu məqamda optimal həll variantı kimi informasiyanın etik standartları barədə bilgi verən legitim sənədlərin vahid mənbədə toplanılmasına zərurət yaranır. Bu sənədlərin "media landşaftı üzrə məlumat bazasında" təqdim edilməsi ən məqbul variant sayılır. Bu yanaşma Azərbaycan mediası üçün də önəmlidir. Media mühitini müəyyən edən bütün sənədlərin vahid məlumat mənbəyində toplanılması imkan yaradacaq ki, Azərbaycan mediası barədə detallı və obyektiv bilgi əldə etmək istəyənlər bir mənbəyə daxil olmaqla axtardıqları bütün informasiyaları əldə edə bilsinlər.
Təkcə etik kodekslər deyil, normativ hüquqi aktlar da bir mənbədə toplanılacaq. Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən bütün qanunların mətni və internet keçid linkləri bir mənbədən təqdim ediləcək.
Beləliklə, bir mənbəyə daxil olmaqla, Azərbaycanın informasiya dövriyyəsini tənzimləyən bütün qanunlarla tanış olmaq imkanı yaranacaq. İnformasiyanın etik standartlarını müəyyən edən milli və beynəlxalq sənədlərin mətni və keçid linklərini bir mənbədən əldə etmək mümkün olacaq. Həmçinin, KİV-lərdə gender balansının durumu barədə təsəvvür yaranacaq.
Milli media subyektlərinin xəritəsi
2022-ci ildə Azərbaycanda "Media haqqında" yeni Qanun qüvvəyə minib. Buna uyğun olaraq, milli media subyektlərinin kəmiyyəti və keyfiyyəti dəyişib. Əksəriyyətinin ünvanları və strukturları da yenilənib. Bu baxımdan milli media subyektlərinin adları, ünvanları, keçid linkləri barədə məlumatlar "Azərbaycan media landşaftı"nda yer tutacaq. Bu, ölkəmizdə etibarlı KİV qurumlarına çıxış əldə etmək istəyənlər üçün istiqamət verəcək. Bir növ, yol xəritəsi funksiyasını yerinə yetirəcək...
Məqalə Azərbaycan Mətbuat Şurası İctimai Birliyi tərəfindən hazırlanıb
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. "Azərbaycan Media landşaftı" barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Mətbuat Şurası (AMŞ) tərəfindən icra olunan "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 12 məqalənin dərc edilməsi nəzərdə tutulub.
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
"525-ci qəzet", 1 avqust 2024-cü il