Süni intellekt və jurnalistika üzrə Paris Xartiyası
10 noyabr 2023-cü il
(QEYD: Bu xartiya jurnalistlərin, redaksiyaların və media orqanlarının öz işlərində süni intellektdən istifadəsinin etik prinsiplərini müəyyən edir. Sənəd Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) təşəbbüsü ilə Nobel Sülh Mükafatı laureatı, jurnalist Mariya Ressanın sədri olduğu komissiya tərəfindən hazırlanıb. 10 noyabr 2023-cü ildə beynəlxalq jurnalist təşkilatları tərəfindən imzalanaraq qəbul edilib. Xartiyanı ilk mərhələdə 17 beynəlxalq jurnalist təşkilatı imzalayıb ( Sərhədsiz Reportyorlar-RSF, Asiya-Sakit Okean Yayım Birliyi-ABU, Şərqi və Cənubi Afrikada Beynəlxalq İKT Siyasəti üzrə Əməkdaşlıq -CIPESA, Kanada Jurnalistika Fondu-CJF, Jurnalistləri Müdafiə Komitəsi -CPJ, DW Akademiyası, Avropa Jurnalistlər Federasiyası -EFJ, Avropa Jurnalistika Mərkəzi -EJC, Etik Jurnalistika Şəbəkəsi -EJN, Azad Mətbuat Fondu -FPU, Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi- GIJN, Media İnkişafı üzrə Qlobal Forum -GFMD, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu -ICIJ, Beynəlxalq Mətbuat İnstitutu -IPI, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi -OCCRP, Pulitzer Mərkəzi, Tomson Fondu
https://europeanjournalists.org/blog/2023/11/14/efj-and-16-partners-support-paris-charter-on-ai-and-journalism/ https://rsf.org/sites/default/files/medias/file/2023/11/Paris%20Charter%20on%20AI%20and%20Journalism.pdf )
PREAMBULA
Biz- media qurumlarının, jurnalist cəmiyyətinin nümayəndələri olaraq, süni intellektin (Aİ/Sİ) bəşəriyyətə dəyişdirici təsirlərini qəbul edirik. Bununla yanaşı, süni intellektin ortaq istək və dəyərlərimizə uyğun olmasını, insan hüquqlarının, sülhün, demokratiyanın dəstəkləməsinə xidmət göstərməsini təmin etmək üçün qlobal əməkdaşlığı dəstəkləyirik.
Xəbər, informasiya işi tarix boyu texnoloji tərəqqi ilə bağlı olub. İndi də süni intellekt bənzərsiz imkanlara malik olan yeni texnologiyalar kateqoriyasını təqdim edir. O, faktları axtarmaq, məlumat toplamaq, reportaj hazırlamaq, ideyaların yayılmasını təmin etmək prosesində əhəmiyyətli dəyişiklikləri ehtiva edir. Əslində, süni intellekt jurnalistin, redaksiya işinin texniki, iqtisadi və sosial şərtlərini əsaslı şəkildə dəyişir. Süni intellekt qlobal informasiya landşaftında inqilabi dəyişiklik etmək potensialına malikdir.
Amma paralel olaraq, süni intellekt etimadlı informasiya əldə etmək hüququ baxımından problem də yaradır. Bu hüquq doğru məlumatı azad şəkildə axtarmaq, əldə etmək, yaymaq azadlığından qaynaqlanır və Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, İnformasiya və Demokratiya Naminə Beynəlxalq Tərəfdaşlıq kimi beynəlxalq hüquqi sənədlərə əsaslanır, söz, ifadə azadlığının təməlini təşkil edir.
Cəmiyyətin etimadlı xəbər əldə etməsində vasitəçi qismində çıxış edən jurnalistikanın, media orqanlarının mövcudluğu demokratiyanın təməl daşıdır. Süni intellekt sistemləri jurnalistlərə, media orqanlarına öz vəzifələrini yerinə yetirməkdə əhəmiyyətli köməklik göstərə bilər. Amma bu, jurnalist etikası çərçivəsində, əsaslı şəkildə qorunan redaksiya mühitində, şəffaf, ədalətli və məsuliyyətli şəkildə istifadə edildikdə mümkündür.
Bu prinsipləri təsdiq edərək, biz cəmiyyətin etibarlı informasiya əldə etmək hüququnu müdafiə edirik. Süni intellekt texnologiyasından yararlanaraq, etibarlı xəbərlərin istehsalçısı rolunda çıxış edən müstəqil jurnalistikaya, media orqanlarına dəstək olacağımıza söz veririk.
PRİNSİPLƏR
- ETİK KODEKS MEDİA ORQANLARINA VƏ JURNALİSTLƏRƏ TEXNOLOGİYADAN DÜZGÜN İSTİFADƏ YOLUNU GÖSTƏRİR
Kütləvi İnformasiya Vasitələrinin redaksiyaları və jurnalistlər özlərinin əsas missiyalarını yerinə yetirərkən, yəni, keyfiyyətli, etibarlı məlumatlar toplayıb yayarkən, imkanlarını artıran texnologiyalardan istifadə edirlər. Hədəfin dalınca getmək və ona nail olmaq niyyəti onların texnoloji alətlərlə bağlı seçimlərini müəyyən etməlidir.
Süni intellekt texnologiyasının istifadəsi doğruluq, dəqiqlik, ədalətlilik, qərəzsizlik, müstəqillik, zərər verməmək, ayrıseçkiliyə yol verməmək, hesabatlılıq, şəxsi həyatın toxunulmazlığına hörmət, mənbələrin məxfiliyini qorumaq və digər bu kimi jurnalist etikasının əsas dəyərlərinə söykənməlidir.
- MEDİA ORQANLARI İNSAN FƏALİYYƏTİNƏ ÜSTÜNLÜK VERİRLƏR
Qərarların insan tərəfindən verilməsi prinsipi həm uzunmüddətli strategiyalarda, həm də gündəlik redaksiya seçimlərində əsas olaraq qalmalıdır.
Süni intellekt sistemlərinin istifadəsi insanlar tərəfindən qəbul edilən, düşünülmüş bir qərar olmalıdır. Redaksiya komandaları hər bir süni intellekt sistemi üçün məqsədlərini, istifadə şərtlərini aydın şəkildə müəyyən etməlidir. Onlar istifadə edilən süni intellekt sistemlərinin təsirlərinə çarpaz nəzarəti (fasiləli və davamlı) təmin etməli, istənilən vaxt onları deaktiv etmək imkanını saxlamalıdırlar.
- JURNALİSTİKADA İSTİFADƏ EDİLƏN SÜNİ İNTELLEKT SİSTEMLƏR İLKİN, MÜSTƏQİL QİYMƏTLƏNDİRMƏDƏN KEÇİR
Media qurumları və jurnalistlərin istifadə etdiyi süni intellekt sistemləri jurnalistikaya dəstək qruplarının iştirakı ilə müstəqil, hərtərəfli və əsaslı qiymətləndirmədən keçməlidir. Bu qiymətləndirmə jurnalist etikasının əsas dəyərlərinə bağlılığı tam şəkildə nümayiş etdirməlidir.
Jurnalistikada istifadə edilən yeni texnoloji sistemlər məxfilik, əqli mülkiyyət və məlumatların qorunması qanunlarına hörmətlə yanaşmalıdır. Bu tələblərin yerinə yetirilməsi üçün dəqiq məsuliyyətlilik çərçivəsi formalaşdırılır. Fəaliyyəti proqnozlaşdırılan, sadə yolla izah edilə bilən sistemlərin istifadəsinə üstünlük verilməlidir.
- MEDİA ORQANLARI DƏRC ETDİKLƏRİ MƏZMUNA GÖRƏ HƏMİŞƏ MƏSULİYYƏT DAŞIYIRLAR
KİV redaksiyaları süni intellektdən istifadə də daxil olmaqla, bütün hallarda məlumat toplamaq, hazırlamaq və ya yayımlamaq prosesinin məsuliyyətini öz üzərinə götürürlər. Onlar dərc etdikləri hər bir məzmuna görə məsuliyyət daşıyırlar. Jurnalist etikasına və redaksiya qaydalarına riayət olunmasını təmin etmək üçün süni intellekt sistemlərinin istifadəsi ilə bağlı məsuliyyətlər öncədən nəzərdən keçirilməli, məsuliyyəti müəyyən edən müddəalar ümumi təsvir edilməli və cəmiyyətə təqdim edilməlidir.
- MEDİA ORQANLARI SÜNİ İNTELLEKT SİSTEMLƏRİNDƏN İSTİFADƏ EDİLMƏSİNDƏ ŞƏFFAFLIĞI QORUYURLAR
Jurnalist təqdim etdiyi məzmunun hazırlanmasında və yayılmasında istifadə etdiyi süni intellekt sistemləri barədə aydın şəkildə qeydlər verməli, bunu məlumat alan hər kəsin diqqətinə çatdırmalıdır.
Media orqanları süni intellekt sistemləridən istifadə etdikdə, ondan istifadə etmələrinin məqsədlərini, həmçinin, hansı miqdarda istifadə şərtlərini təfərrüatlı şəkildə açıqlayan qeydlər tutmalıdırlar.
- MEDİA ORQANLARI MƏZMUNUN ETİBARLILIĞINA ZƏMANƏT VERİRLƏR
Kütləvi informasiya vasitələri, mümkün olduğu qədər, dərc edilmiş məzmunun həqiqiliyinə, mənbənin etibarlılığına zəmanət verirlər. Məzmunun orijinallığı, sonralar məruz qaldığı dəyişikliklər haqqında təfərrüatları təqdim edən ən müasir vasitələrdən istifadə etməlidirlər.
Orijinallıq standartlarına cavab verməyən hər hansı məzmun potensial yanıltıcı hesab edilməli, ətraflı yoxlamadan keçirilməlidir.
- JURNALİSTİKA HƏQİQİ VƏ SÜNİ MƏZMUN ARASINDA AYDIN XƏTT ÇƏKİR
Jurnalistlər və KİV redaksiyaları texnika vasitəsilə (məsələn, fotoşəkillər, audio-video yazılar) əldə edilən məzmunla süni intellekt sistemlərinin yaratdığı və əhəmiyyətli dərəcədə dəyişdirdiyi məzmun arasında fərqi çatdırmağa çalışırlar. Onlar real hadisələri təsvir etmək üçün orijinal görüntülərdən, yazılardan istifadəyə üstünlük verməlidirlər.
Media orqanları süni intellekt texnologiyalarından istifadə edərkən ictimaiyyəti çaşdırmaqdan çəkinməlidirlər.
- SÜNİ İNTELLEKT MƏZMUNUN BÜTÖVLÜYÜNÜ VƏ TOXUNULMAZLIĞINI DƏSTƏKLƏYİR
KİV-lərdə məzmunun süni intellekt sistemlərinin istifadəsi ilə yaradılması jurnalist etikasına əsaslanmalıdır. Bu qəbildən olan sistemlər məlumatın bütövlüyünə hörmət etməli, müvafiq faktların və baxışların birgə təqdim olunmasını təmin etməlidir. Onlar fərqli mövzular üzrə müxtəlif nöqteyi-nəzərləri, əsaslandırılmış fikirləri vurğulamalı, bu yolla plüralizmi təşviq etməlidirlər.
Bu növ sistemlərin istifadəsi şəffaf olmalı, redaksiyalara süzgəcdən keçirilməmiş məzmunu dövriyyədən çıxarmaq imkanı verilməlidir.
- JURNALİSTLƏR, KİV-lər VƏ JURNALİSTİKAYA DƏSTƏK OLAN QRUPLAR
SÜNİ İNTELLEKTİN İDARƏ EDİLMƏSİNƏ CƏLB OLUNURLAR
İnformasiya hüququnun əsas müdafiəçiləri kimi jurnalistlər, media qurumları və jurnalistikaya dəstək qruplar süni intellekt sistemlərinin idarə olunmasında fəal rol oynamalıdırlar.
Süni intellektin idarə edilməsi və tənzimlənməsi üzrə ixtisaslaşan təşkilat beynəlxalq nəzarətə açıq olmalıdır. Onlar süni intellekt idarəçiliyinin demokratik dəyərlərə hörmət üzərində qurulduğunu, mədəni müxtəlifliyin inkişafında rol oynamasını təmin etməlidirlər. Süni intellektin təsirlərini dəqiq, ətraflı və tənqidi düşüncə ilə araşdırmalı, məlumat verməlidirlər.
- SÜNİ İNTELLEKT TƏŞKİLATLARI İLƏ ƏLAQƏLƏR KONTEKSTİNDƏ JURNALİSTİKANIN ETİK PRİNSİPLƏRİ VƏ İQTİSADİ HAQLARI MÜDAFİƏ OLUNUR
Jurnalistin hazırladığı, KİV qurumlarının yaydıqları məzmundan süni intellekt sistemləri vasitsilə istifadə olunması jurnalistikanın davamlılığını təmin edən, media qurumlarının uzunmüddətli maraqlarını müdafiə edən rəsmi müqavilələrlə tənzimlənməlidir. Süni intellekt sisteminin sahibləri istifadə etdikləri mənbələri göstərməli, əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşmalı, hüquq sahiblərinə ədalətli kompensasiya verməlidirlər. Bu kompensasiya jurnalistlərə ədalətli mükafat yolu ilə verilməlidir. Süni intellekt sisteminin sahiblərindən həmçinin, istifadə etdikləri jurnalist mənbələrinin şəffaf və dəqiq qeydini vermələri tələb olunur.
İnformasiyanın bütövlüyünə və jurnalist etikasının əsas prinsiplərinə riayət olunması şərti ilə haqq sahibləri yaratdıqları məzmunun süni intellekt sistemləri tərəfindən yenidən emal olunmasına icazə verə bilərlər. Onlar kollektiv şəkildə süni intellekt sistemlərinin keyfiyyətli, etibarlı və plüralistik informasiyaya zəmanət verəcək şəkildə istifadə edilməsinə çağırış edirlər.