Jurnalistlərin Beynəlxalq Etik Xartiyası

(QEYD: “Jurnalistlərin Beynəlxalq Etika Xartiyası”  Beynəlxalq Jurnalistlər Federasiyası (JBF-IFJ)  tərəfindən hazırlanıb, 12 iyun 2019-cu ildə Tunisdə keçirilən 30-cu Ümumdünya Konqresində qəbul edilib. Bu xartiya 1954-cü ildə qəbul edilmiş və “Bordo Bəyannaməsi” kimi tanınan “Jurnalistlərin davranışına dair prinsiplər bəyannaməsi”nin davamıdır və onu tamamlayır.

Xartiya beynəlxalq hüququn əsas mətnlərinə, o cümlədən “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nə əsaslanır. 16 maddə və preambuladan ibarət olub, jurnalistlərin etika ilə bağlı vəzifə və hüquqlarını müəyyən edir. https://www.ifj.org/who/rules-and-policy/global-charter-of-ethics-for-journalists )

PREAMBULA

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 19-cu maddəsində vurğulandığı kimi, hər kəsin məlumat və ideyaları əldə etmək hüququ vardır və bu, jurnalistin missiyasının təməlini təşkil edir. Jurnalistin ictimaiyyət  qarşısındakı məsuliyyəti hər hansı digər öhdəliklərdən, xüsusən də işəgötürənlər və dövlət orqanları qarşısında olan cavabdehlikdən üstündür.

Jurnalistika zaman, resurslar və təcrübə tələb edən bir peşədir. Bütün bunlar onun müstəqilliyi üçün vacibdir. Bu xartiya məlumatların araşdırılması, yazılması, şərh edilməsi,  redaktəsi və KİV-də yayılması zamanı jurnalistlərin davranış qaydalarını müəyyən edir.

  1. Faktlara və ictimaiyyətin həqiqəti bilmək hüququna hörmət etmək jurnalistin əsas vəzifəsidir.
  2. Jurnalist hər zaman xəbərlərin vicdanla, dürüst toplanması,  ədalətli şərh olunması, tənqid hüququna hörmətlə yanaşılması prinsiplərini müdafiə etməlidir. O, gerçək məlumatları şərh və tənqiddən tam olaraq ayırdığından əmin olmalıdır.
  3. Jurnalist yalnız mənbəyini bildiyi faktlara uyğun məlumat verməlidir. Mühüm məlumatları gizlətməməli, heç bir sənədi saxtalaşdırmamalı, təhrifə  yol verməməlidir. O, qeyri-ictimai  şəxslərin sosial mediada dərc etdiyi bəyanatları və digər materialları orijinala uyğun şəkildə çap etməyə çalışmalıdır.
  4. Jurnalist məlumatları, görüntüləri, sənədləri və rəqəmləri əldə etmək üçün yalnız ədalətli üsullardan istifadə etməli, özünün jurnalist statusu olduğu haqqında məlumat verməlidir. Görüntü və səslərin gizli yazılarından istifadə etməkdən çəkinməlidir. Bu prinsip yalnız ictimai maraqlara cavab verən məlumatı toplamaq ümumi qaydalar əsasında mümkün olmadığı hallarda istisna edilə bilər.  Jurnalist bütün məlumat mənbələrinə sərbəst girişi imkanlarını, ictimai maraq doğuran bütün faktları sərbəst araşdırmaq hüququnu tələb etməlidir.

5. Məlumatın yayılmasında təxirəsalınmazlıq və ya təcililik amili faktların, mənbələrin yoxlanılması prinsipindən üstün olmamalıdır.

6. Jurnalist yanlış  olduğu aşkar edilən hər hansı səhvin və dərc edilmiş informasiyanın vaxtında, dəqiq, tam və şəffaf şəkildə düzəldilməsi üçün mümkün olan hər şeyi etməlidir.

         7. Jurnalist gizlin əldə etdiyi məlumatın mənbəyi məsələsində peşə sirrinə riayət etməlidir.

            8. Jurnalist şəxsi həyatın toxunulmazlığına hörmət etməlidir. O, adları çəkilən, təqdim edilən şəxslərin ləyaqətinə hörmət etməli, əlində olan  materialların yayınlanacağının nəzərdə tutulub-tutulmaması barədə müsahibə götürdüyü şəxsə məlumat verməlidir. Jurnalist müsahibə götürən zaman şəxslərin təcrübəsiz və həssas olmasına xüsusi diqqət yetirməlidir.

9. Jurnalistlər informasiyanın və ya rəyin  yayılmasının nifrət, qərəz yaratmamasını təmin etməli,  coğrafi, sosial və ya etnik mənşə, irq, gender, cinsi oriyentasiya, dil, din, əlillik, siyasi və digər məsələlərdə ayrıseçkiliyin yayılmasının qarşısını almaq üçün bacardığını etməlidir.

10. Jurnalist plagiatı, faktların təhrif edilməsini, iftiranı, şər və böhtanı, diffamasiyanı, əsassız ittihamları ciddi peşə pozuntusu  olaraq dəyərləndirməlidir.

11. Jurnalist polisin, yaxud digər təhlükəsizlik orqanlarının “köməkçisi”  rolunda çıxış  etməkdən çəkinməlidir. Ondan yalnız KİV-də artıq dərc edilmiş informasiyaları təqdim etmək tələb olunmalıdır.

12. Jurnalist araşdırma azadlığından, məlumat vermək vəzifəsindən, tənqid, şərh və redaktor seçimi hüququndan imtina etmədən həmkarları ilə həmrəylik nümayiş etdirməlidir.

13. Jurnalist mətbuat azadlığından hər hansı başqa maraqlara nail olmaq üçün istifadə etməməli,  məlumatın yayılması və ya yayılmaması səbəbindən hər hansı ədalətsiz üstünlük və ya şəxsi mənfəət əldə etməkdən çəkinməlidir. O, peşə fəaliyyətini  həyata keçirərkən maraqların toqquşmasına gətirib çıxara biləcək hər hansı bir vəziyyətdən uzaq durmalıdır. Öz fəaliyyətini reklam və ya təbliğat fəaliyyəti ilə qarışdırmaqdan yayınmalıdır. İstənilən formalı manipulyasiyadan çəkinməlidir.  

14. Jurnalist onun müstəqilliyini təhlükəyə atacaq heç bir fəaliyyətlə məşğul olmamalı və buna təşəbbüs göstərməməlidir. Bununla yanaşı, o, könüllü olaraq qəbul etdiyi məlumatların toplanması, yayılması üsullarına, məsələn, “qeyddən kənar”, anonimlik və ya embarqo kimi üsullara, bu öhdəliklərin aydın və danılmaz olması şərtilə, hörmətlə yanaşmalıdır.

15. Jurnalistlər  yuxarıda qeyd olunan prinsiplərə sədaqətlə riayət etməyi özlərinə borc bilməlidirlər. Onlar peşə əqidəsinə, vicdan prinsipinə zidd olan fikir ifadə etməyə məcbur edilə bilməzlər.

16. Jurnalist hökumətin və digər şəxslərin peşə şərəfinə istənilən formalı müdaxiləsini  istisna etməklə, yaşadığı ölkənin ümumi qanunlarına uyğun olan, ictimaiyyətə açıq olan özünütənzimləmə orqanlarının yurisdiksiyasını tanımalıdır.

02.07.2024