Azərbaycan Peşəkar Futbol Liqası “Allsport.az” veb-saytına qarşı - Qərar №21
Qərarın qəbul olunduğu tarix: 29 aprel 2025-ci il.
Şikayətin baxılma tarixi: 12 mart 2025-ci il.
Şikayətin məzmunu:
Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev “Allsport.az” veb-saytında təmsil olunduğu qurum barədə faktlara əsaslanmayan, böhtan xarakterli məlumatların dərc edilməsinə dair müraciətə baxılmasını xahiş edib.
Cavabdehin izahatı:
“Allsport.az” veb-saytının rəhbəri Kamran Hacı Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 12 mart 2025-ci tarixli iclasına çağrılsa da, o, toplantıda iştirak etməmişdir.
Azərbaycan Mətbuat Şurasının qərarı
“Allsport.az” veb-saytında PFL-lə bağlı materiallarda qurumun mövqeyinin öyrənilib bildirilməsinə əhəmiyyətsiz yanaşılmışdır. Materiallarda qeyri-peşəkar yanaşma təmayüllərinin, o cümlədən, jarqonların mövcudluğu, ciddi ittihamların sübut bazasının olmaması onu deməyə əsas verir ki, media orqanı tənqid hədəfinə münasibətdə tamamilə qərəzli mövqe tutmuşdur.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının 12 mart 2025-ci il tarixli rəyini əsas götürərək Qərara alır:
Qərar
- “Allsport.az” veb-saytında PFL-lə bağlı yayımlanmış materiallarda “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”, “İnformasiya qaynaqlarına sayğılı yanaşma” adlı 2-ci prinsipinin 2.2 bəndinin “Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır” tələbi pozulub və bu, tənqid obyektinin işgüzar nüfuzunun zədələnməsidir;
- Mətbuat Şurası adından “Allsport.az” veb-saytına “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın pozulması ilə bağlı xəbərdarlıq edilsin;
- Mətbuat Şurası adından “Allsport.az” veb-saytına gələcəkdə belə hallara yol verməmək tövsiyə olunsun.