Sumqayıt Şəhər Evdə fərdi təhsil məktəbi “Aktualxeber.az”, “Aktualinfo.az”, “Mediatv.az”, “Beynelxalqinformasiyaagentliyi.az” və “Aftv.az” saytlarına qarşı – Qərar №20
Qərarın qəbul olunduğu tarix: 9 oktyabr 2024-cü il.
Şikayətin baxılma tarixi: 1 oktyabr 2023-cü il.
Şikayətin məzmunu:
Sumqayıt Şəhər Evdə fərdi təhsil məktəbi Azərbaycan Mətbuat Şurasına müraciətində “Aktualxeber.az”, “Aktualinfo.az”, “Mediatv.az”, “Beynelxalqinformasiyaagentliyi.az” və “Aftv.az” saytlarında bu təhsil müəssisəsinin işgüzar nüfuzuna zərbə vuran çoxsaylı materialların yayımlandığını açıqlayıb. Mətbuat Şurasından bununla bağlı tədbir görülməsini xahiş edib.
Cavabdehin izahatı:
Cavabdehlərin izahatları yoxdur.
Azərbaycan Mətbuat Şurasının qərarı
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 1 oktyabr 2024-cü il tarixli iclasında Sumqayıt Şəhər Evdə fərdi təhsil məktəbi Azərbaycan Mətbuat Şurasına müraciətində “Aktualxeber.az”, “Aktualinfo.az”, “Mediatv.az”, “Beynelxalqinformasiyaagentliyi.az” və “Aftv.az” saytlarında bu təhsil müəssisəsinin işgüzar nüfuzuna zərbə vurduğu iddia edilən çoxsaylı yazıları araşdıraraq belə rəyə gəlib ki, heç bir yazıda qarşı tərərfin mövqeyi öyrənilməyib, onlarda tənqid hədəfi barədə kütləvi şəkildə mənfi rəy yaratmaq meyili var və bu, jurnalistika prinsiplərinə ziddir.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının 1 oktyabr 2024-cü il tarixli rəyini əsas götürərək Qərara alır:
Qərar
- “Aktualxeber.az”, “Aktualinfo.az”, “Mediatv.az”, “Beynelxalqinformasiyaagentliyi.az” və “Aftv.az” saytlarında Sumqayıt Şəhər Evdə fərdi təhsil məktəbi ilə bağlı materiallarda “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”, “İnformasiya qaynaqlarına sayğılı yanaşma” adlı 2-ci prinsipinin 2.2 bəndinin “Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Foto-simvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir” tələbi pozub və bu, tənqid obyektinin işgüzar nüfuzunun zədələnməsidir;
- Mətbuat Şurası adından “Aktualxeber.az”, “Aktualinfo.az”, “Mediatv.az”, “Beynelxalqinformasiyaagentliyi.az” və “Aftv.az” saytlarına “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın pozulması ilə bağlı xəbərdarlıq edilsin.