“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Gununsesi.info” saytına qarşı – Qərar №19
Qərarın qəbul olunduğu tarix: 9 oktyabr 2024-cü il.
Şikayətin baxılma tarixi: 1 oktyabr 2023-cü il.
Şikayətin məzmunu:
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Mətbuat Şurasına müraciətində “Gununsesi.info” saytının 2024-cü ilin avqustun 29-da və 30-dakı yayımlarında bu dövlət qurumunun işgüzar nüfuzuna zərbə vuran “Şəxsiyyət vəsiqəsinin müddəti bitən uşağa görə ailəni qatardan endirdilər – Dəmir yollarından antikonstitusion addım” və “MSK vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə vətəndaşı seçkiyə buraxır, amma Rövşən Rüstəmov qatardan endirir – Deputat və hüquqşünas Dəmir yollarını qanuna hörmət etməyə çağırır” sərlövhəli məqalələrin yer aldığını açıqlayıb. Mətbuat Şurasından bununla bağlı tədbir görülməsini xahiş edib.
Cavabdehin izahatı:
Azərbaycan Mətbuat Şurasının Katibliyi tərəfindən “Gununsesi.info” saytının rəhbərliyi ilə əlaqə saxlanılıb. Sayt Mətbuat Şurasına məktubunda narazılıq doğuran materialda yer almış məqamlarla bağlı izahatını diqqətə çatdırıb. İzahat məqbul sayılmayıb.
Azərbaycan Mətbuat Şurasının qərarı
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 1 oktyabr 2024-cü il tarixli iclasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Gununsesi.info” saytının 2024-cü ilin avqustun 29-da və 30-dakı yayımlarında bu dövlət qurumunun işgüzar nüfuzuna zərbə vurduğu iddia edilən “Şəxsiyyət vəsiqəsinin müddəti bitən uşağa görə ailəni qatardan endirdilər – Dəmir yollarından antikonstitusion addım” və “MSK vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə vətəndaşı seçkiyə buraxır, amma Rövşən Rüstəmov qatardan endirir – Deputat və hüquqşünas Dəmir yollarını qanuna hörmət etməyə çağırır” sərlövhəli məqalələri araşdıraraq belə rəyə gəlib ki, məqalələr yayımlanarkən qarşı tərərfin mövqeyinin öyrənilməsinə cəhd göstərildiyinə dair cavabdehin gətirdiyi arqument yetərli sayılmayıb.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının 1 oktyabr 2024-cü il tarixli rəyini əsas götürərək Qərara alır:
Qərar
- “Gununsesi.info” saytının 2024-cü ilin avqustun 29-da və 30-dakı yayımlarındakı “Şəxsiyyət vəsiqəsinin müddəti bitən uşağa görə ailəni qatardan endirdilər – Dəmir yollarından antikonstitusion addım” və “MSK vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə vətəndaşı seçkiyə buraxır, amma Rövşən Rüstəmov qatardan endirir – Deputat və hüquqşünas Dəmir yollarını qanuna hörmət etməyə çağırır” sərlövhəli məqalələrdə “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” tələbi pozub və bununla da tənqid obyektinin işgüzar nüfuzu zədələnib;
- Mətbuat Şurası adından “Gununsesi.info” saytına “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın pozulması ilə bağlı xəbərdarlıq edilsin.