Ağstafa şəhəri Səməd Vurğun küçəsi ev 17 ünvanında yaşayanlar – Bayramov Bayram Ruzman oğlu və Mustafayeva Afaq Rafayıl qızı “Deryaz.az” və “Bizimxeber.tv” saytlarına qarşı – Qərar №18
Qərarın qəbul olunduğu tarix: 11 oktyabr 2023-cü il.
Şikayətin baxılma tarixi: 4 oktyabr 2023-cü il.
Şikayətin məzmunu:
Ağstafa şəhəri Səməd Vurğun küçəsi ev 17 ünvanında yaşayanlar – Bayramov Bayram Ruzman oğlu və Mustafayeva Afaq Rafayıl qızı Azərbaycan Mətbuat Şurasına birgə müraciətlərində “Deryaz.az” və “Bizimxeber.tv” saytlarında yayımlanmış “Mədət Zeynalovun hədiyyə etdiyi fəxri ad niyə arvadını qane etməyib” və “Ağstafa Təhsil Şöbəsində katibə-müdir qalmaqalı” adlı məqalələrdə (13.06.2023) özlərinin rüşvətdə və digər ağır cinayətlərdə, həmçinin, korrupsiya əməllərində ittiham edildiklərini vurğulayıb və bu kimi əməllərə son qoyulması üçün kömək göstərilməsini xahiş ediblər.
Cavabdehin izahatı:
Azərbaycan Mətbuat Şurasının Katibliyi tərəfindən “Deryaz.az” və “Bizimxeber.tv” saytlarının rəhbərliyi ilə əlaqə saxlanılıb. Onlar Mətbuat Şurasına məktublarında narazılıq doğuran materiallarda yer almış məqamlarla bağlı izahatlarını diqqətə çatdırıblar.
Azərbaycan Mətbuat Şurasının qərarı
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası özünün 4 oktyabr 2023-cü il tarixli iclasında Ağstafa şəhəri Səməd Vurğun küçəsi ev 17 ünvanında yaşayanlar – Bayramov Bayram Ruzman oğlunun və Mustafayeva Afaq Rafayıl qızının “Deryaz.az” və “Bizimxeber.tv” saytlarında yayımlanmış “Mədət Zeynalovun hədiyyə etdiyi fəxri ad niyə arvadını qane etməyib”, “Ağstafa Təhsil Şöbəsində katibə-müdir qalmaqalı” adlı məqalələrlə (13.06.2023) bağlı birgə müraciətlərini araşdıraraq belə rəyə gəlib ki, cavabdeh tərəflərin şikayətçilərin narazılığı ilə bağlı Mətbuat Şurasına ünvanladıqları cavab məktublarında göstərilən xüsuslar narazılıq doğurmuş məqalələrlə uyğunluq təşkil etmir. Saytların məqalələrində şikayətçilərə qarşı iddianı əsaslandıran heç bir dəlil və sübut yoxdur. Eyni zamanda, elə iddialar var ki, onların doğru olub-olmadığına aydınlıq gətirilməsi Mətbuat Şurasının səlahiyyətləri xaricindədir.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının 4 oktyabr 2023-cü il tarixli rəyini əsas götürərək Qərara alır:
Qərar
- “Deryaz.az” və “Bizimxeber.tv” saytlarında yayımlanmış “Mədət Zeynalovun hədiyyə etdiyi fəxri ad niyə arvadını qane etməyib”, “Ağstafa Təhsil Şöbəsində katibə-müdir qalmaqalı” adlı məqalələrdə (13.06.2023) “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” tələbi pozulub;
- Bayramov Bayram Ruzman oğluna və Mustafayeva Afaq Rafayıl qızına “Deryaz.az” və “Bizimxeber.tv” saytlarında yayımlanmış “Mədət Zeynalovun hədiyyə etdiyi fəxri ad niyə arvadını qane etməyib”, “Ağstafa Təhsil Şöbəsində katibə-müdir qalmaqalı” adlı məqalələrlə (13.06.2023) bağlı digər məqamların araşdırılması və qanunamüvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə müraciət ünvanlamaq tövsiyə olunsun