Ağstafa Regional Mədəniyyət İdarəsi “Azad Azərbaycan” qəzetinə qarşı – Qərar №16

Qərarın qəbul olunduğu tarix: 18 iyul 2023-cü il.

Şikayətin baxılma tarixi: 14 iyun 2023-cü il.

Şikayətin məzmunu:

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev Azərbaycan Mətbuat Şurasına ünvanladığı 2 iyun 2023-cü il tarixli müraciətində bildirib ki, “Azad Azərbaycan” qəzetinin 4 may 2023-cü il tarixli sayında nəşrin əməkdaşı Dəmir Qurbanlı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimliyə ünvanlanmış müraciət dərc edilib. Şikayətçi həmin müraciətdə özünün idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənovun vasitəçiliyi ilə 25 min manat pul vəsaiti alıb Uşaq Musiqi Məktəbinə direktor təyin etməsi və digər iddiaların əsassızlığını diqqətə çatdırıb, “Azad Azərbaycan” qəzeti barədə tədbir görülməsini xahiş edib.

Cavabdehin izahatı:

Azərbaycan Mətbuat Şurasının Katibliyi tərəfindən “Azad Azərbaycan” qəzetinin rəhbərliyi və sözügedən müraciətin müəllifi Dəmir Qurbanlı ilə əlaqə saxlanılıb. Söhbət zamanı nəşrin qarşı tərəfin müraciətinə səbəb olmuş rüşvət iddiasının sübuta yetirmək üçün hansı əsaslara malik olduğu öyrənilib.

Dəmir Qurbanlı müraciətdə yazılmış fikirlərin hamısının həqiqət uyğun olduğunu bildirib.

Azərbaycan Mətbuat Şurasının qərarı

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 14 iyun 2023-cü il tarixli iclasında Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin “Azad Azərbaycan” qəzetinin 4 may 2023-cü il tarixli sayında nəşrin əməkdaşı Dəmir Qurbanlı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimliyə ünvanlanmış müraciəti ilə bağlı şikayətini araşdıraraq, “Azad Azərbaycan” qəzetinin rəhbərliyi və nəşrin əməkdaşı Dəmir Qurbanlı ilə aparılmış söhbətləri nəzərə alaraq, belə rəyə gəlib ki, narazılıq doğurmuş materialdakı iddiaların doğruluğunun müəyyənləşdirilməsi Mətbuat Şurasının səlahiyyətləri xaricindədir. Bununla belə komissiya hesab edir ki, konkret vəzifəli şəxslər, məmurlar barədə ciddi ittihamlar səsləndirərkən, həmin iddiaların ictimai rəydə doğuracağı effekt nəzərə alınmalı olduğundan, qarşı tərəfin də fikrinin öyrənilməsi mütləqdir. “Azad Azərbaycan” qəzeti isə buna əhəmiyyətsiz yanaşıb, birtərəfli təqdimata üstünlük verib ki, bu da “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”na zidd yanaşmadır.

Qərar

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının 14 iyun 2023-cü il tarixli rəyini əsas götürərək Qərara alır:

  1. “Azad Azərbaycan” qəzeti 4 may 2023-cü il tarixli sayında nəşrin əməkdaşı Dəmir Qurbanlı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimliyə ünvanlanmış müraciət yayımlamaqla, “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” tələbini pozub;
  2. “Azad Azərbaycan” qəzetinə gələcəkdə belə hallara yol verməmək tövsiyə olunsun.

04.08.2023