Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci “Turantv.az”, “Bakitv.az”, “Azerinfo.az”, “Xeberim.info”, “Aktualinfo.org”, “Qaynarxett.az”, “Zamantv.az”, “Axıntv.az” və digər saytlara qarşı – Qərar №15

Qərarın qəbul olunduğu tarix: 18 iyul 2023-cü il.

Şikayətin baxılma tarixi: 14 iyun 2023-cü il.

Şikayətin məzmunu:

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarovun Azərbaycan Mətbuat Şurasına 30 may 2023-cü il tarixdə daxil olmuş müraciətində “Turantv.az”, “Bakitv.az”, “Azerinfo.az”, “Xeberim.info”, “Aktualinfo.org”, “Qaynarxett.az”, “Zamantv.az”, “Axın.az” və digər saytlarda mütəmadi olaraq onun və rəhbərlik etdiyi təhsil müəssisəsinin barəsində nalayiq, heç bir əsası olmayan, fakta əsaslanmayan materialların yaımlandığı, həmin materiallarda müəssisənin müəllim-tələbə kollektivinin işgüzar nüfuzuna zərər vurulduğu bildirilib, bununla bağlı Mətbuat Şurasından müvafiq tədbir görülməsi xahiş olunub.

Cavabdehin izahatı:

Cavabdehin izahatı yoxdur.

Azərbaycan Mətbuat Şurasının qərarı

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası özünün 14 iyun 2023-cü il tarixli iclasında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarovun Azərbaycan Mətbuat Şurasına “Turantv.az”, “Bakitv.az”, “Azerinfo.az”, “Xeberim.info”, “Aktualinfo.org”, “Qaynarxett.az”, “Zamantv.az”, “Axın.az” və digər saytlarla bağlı şikayətini araşdırıb. Bu zaman komissiya Şuranın Katibliyinin sözügedən saytlardakı monitorinqinin nəticələrinə də söykənib. Monitorinq zamanı müəyyənləşdirilib ki, həmin media subyektlərində “Media haqqında” Qanunun tələbləri gözlənilmir. Saytlarda əlaqə vasitələri yoxdur, yaxud da tam deyil.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası narazılıq doğurmuş materialların hamısının birtərəfli qaydada təqdim olunduğunu müəyyənləşdirib. Belə ki, sözügedən saytların 2022 və 2023-cü ildəki müxtəlif yayımlarında “Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “rüşvət ocağı” və “Şirvan şəhərindəki Humanitar Kollecdə korrupsiyanın qarşısını kim alacaq?” sərlövhələri altında ayrı-ayrı tarixlərdə materiallar yer alıb. Burada bir və ya bir neçə sayt tərəfindən eyni tənqid obyektinin davamlı hədəfə alınması meyili var. Bunu deməyə materialların heç birində qarşı tərəfin fikrinin öyrənilib çatdırılmadığı, onların bir-birinin təkrarı olduqları əsas verməkdədir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının 14 iyun 2023-cü il tarixli rəyini əsas götürərək Qərara alır:

Qərar

  1. “Turantv.az”, “Bakitv.az”, “Azerinfo.az”, “Xeberim.info”, “Aktualinfo.org”, “Qaynarxett.az”, “Zamantv.az”, “Axın.az” saytlarında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci ilə bağlı təkrarlanaraq yayımlanmış, kollecin direktoru Barxudar Barxudarovun Mətbuat Şurasına müraciətinə səbəb olmuş, 2022 və 2023-cü il illərə aid eyni məzmunlu “Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “rüşvət ocağı” və “Şirvan şəhərindəki Humanitar Kollecdə korrupsiyanın qarşısını kim alacaq?” sərlövhəli materiallarda “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3,2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” tələbləri pozulub;
  1. Mətbuat Şurası adından “Turantv.az”, “Bakitv.az”, “Azerinfo.az”, “Xeberim.info”, “Aktualinfo.org”, “Qaynarxett.az”, “Zamantv.az”, “Axın.az” saytlarında “Media haqqında” Qanunun tələblərinin pozulması, bu kimi halların təkrarlanması, adları çəkilən media subyektlərinə münasibətdə ictimai qınaq tədbirlərindən kənar hüquqi tədbirlərin görülməsinin vacibliyi nəzərə alınaraq, onlarla bağlı aidiyyatı üzrə müraciət ünvanlansın.

04.08.2023