“Ziraatbank Azərbaycan” ASC “Gündəlik Bakı” qəzetinə qarşı - Qərar №6
Qərarın qəbul olunduğu tarix:15 mart 2023-cü il.
Şikayətin baxılma tarixi: 15 fevral 2023-cü il.
Şikayətin məzmunu:
“Ziraatbank Azərbaycan”ın İdarə Heyətinin sədr müavini Rövşən İbrahimov Azərbaycan Mətbuat Şurasına müraciətində “Gündəlik Bakı” qəzetinin gundelik-baku.com saytında bu bankın İdarə Heyətinin sədri Selçuk Dəmirin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan həqiqətə uyğun olmayan fikirlərin yayımlandığını vurğulayıb. O, müraciətində bu baxımdan saytın 22 və 27 sentybr, 10 və 12 oktyabr 2022-ci il tarixlərindəki yayımlarında “Zıraat Bank”da Səlcuq Dəmirin əməlləri... – Səlcuq Dəmir niyə Azərbaycan haqqında mənfi danışır..?”, “Zıraat Bank”ın sədri Səlcuq Dəmir iclasda deyir ki, 44 günlük mmüharibəni azərilər deyil, biz udmuşuq... – Səlcuq Dəmir xalqımızı və onun nümayəndələrini nankor adlandırır...”, “Yastığın ağır olsun, Səlcuq Dəmir... – Ziraat Bank İH sədrinin biabırçı əməlləri...”, “Ziraat Bank”ın Bakı şefi haqqında dəhşətli iddialar” sərlövhəli məqalələrə diqqət çəkib və Şuradan müvafiq tədbir görülməsi xahiş edib.
Cavabdehin izahatı:
Cavabdehin izahatı yoxdur.
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 15 fevral 2023-cü il tarixli iclasında “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədr müavini Rövşən İbrahimovun Mətbuat Şurasına “Gündəlik Bakı” qəzetinin gundelik-baku.com saytının 22 və 27 sentybr, 10 və 12 oktyabr 2022-ci il tarixlərindəki yayımlarında “Zıraat Bank”da Səlcuq Dəmirin əməlləri... – Səlcuq Dəmir niyə Azərbaycan haqqında mənfi danışır..?”, “Zıraat Bank”ın sədri Səlcuq Dəmir iclasda deyir ki, 44 günlük mmüharibəni azərilər deyil, biz udmuşuq... – Səlcuq Dəmir xalqımızı və onun nümayəndələrini nankor adlandırır...”, “Yastığın ağır olsun, Səlcuq Dəmir... – Ziraat Bank İH sədrinin biabırçı əməlləri...”, “Ziraat Bank”ın Bakı şefi haqqında dəhşətli iddialar” sərlövhəli yazıları araşdıraraq belə rəyə gəlib ki, həmin yazılar birtərəfli qaydada təqdim olunmuşdur. Məqalələrdə konkret şəxsi hədəfə alma meyilləri var ki, bu jurnalist yanaşması sayıla bilməz.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq Qərara alır:
Qərar
- “Gündəlik Bakı” qəzetinin saytında Füzulu rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova ilə bağlı yayımlanmış və bu şəxsin Mətbuat Şurasına müraciətinə səbəb olmuş materiallarda “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3,2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” prinsiplərini pozub;
- “Gündəlik Bakı” qəzetinin saytında “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Selçuk Demirlə bağlı yayımlanmış materiallarda göstərilən bir sıra məsələlərin, irəli sürülmüş ittihamların həqiqəti nə dərəcədə əks etdirdiyi şübhəlidir. Buna görə də Mətbuat Şurası şikayət müəllifi “Ziraatbank Azərbaycan”ın İdarə Heyətinin sədr müavini Rövşən İbrahimov yaranmış narazılığı məhkəmə müstəvisində həll etmək tövsiyə olunsun.
İdarə Heyətinin sədri: Rəşad Məcid
Şikayətlər üzrə Komissiyanın sədri: Vüqar Zifəroğlu
İcraçı katib: Əvəz Rüstəmov