“Unibank” “Banker.az” saytına qarşı - Qərar №11

Qərarın qəbul olunduğu tarix:23 may 2023-cü il.

Şikayətin baxılma tarixi: 19 may 2023-cü il.

Şikayətin məzmunu:

“Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşov Azərbaycan Mətbuat Şurasına 26 aprel 2023-cü il tarixli müraciətində “Banker.az” saytının 26 aprel 2023-cü il tarixli yayımında  “Müştərilər Unibank”dan manat depozitlərini “geri çəkib” sərlövhəli yazının getdiyini və yazıda həqiqətə uyğun olmayan fikirlərin yer aldığını bildirib. Bu halın bankın işgüzar nüfuzuna zərər gətirdiyini vurğulayıb və “Banker.az” saytı barədə müvafiq tədbir görülməsini xahiş edib.

Cavabdehin izahatı:

Mətbuat Şurasının Katibliyi şikayətlə bağlı “Banker.az” saytının rəhbərliyi ilə əlaqə yaradıb. Məlum olub ki, narazılıq doğurmuş məqalə “Unibank”ın saytında yerləşdirilmiş rüblük hesabatların təhlili əsasında hazırlanıb və gəlinən qənaət də həmin hesabatlarda əks olunanların nəticəsidir. Bununla yanaşı, sayt rəhbərliyi narazılıq doğurmuş məqamla bağlı bankın mövqeyinin işıqlandırılmasına, aydınlaşdırmalar aparmağa razı olduğunu bildirib.

Azərbaycan Mətbuat Şurasının qərarı

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq Qərara alır:

Qərar

  1. “Banker.az” saytının 26 aprel 2023-cü il tarixli yayımındakı “Müştərilər Unibank”dan manat depozitlərini “geri çəkib” sərlövhəli yazı ilə bağlı bu sayt rəhbərliyinin qarşı tərəf kimi “Unibank”ın fikirlərinin işıqlandırılmasına razılığını bildirməsinə dair mövqeyi məqbul qiymətləndirilsin;
  2. Unibank”ın rəhbərliyinə “Banker.az” saytının 26 aprel 2023-cü il tarixli yayımındakı “Müştərilər Unibank”dan manat depozitlərini “geri çəkib” sərlövhəli yazı ilə bağlı mövqeyini bildirmək üçün bu sayta müraciət etmək tövsiyə olunsun.

İdarə Heyətinin sədri:                                                        Rəşad Məcid

Şikayətlər üzrə Komissiyanın sədri:                                   Vüqar Zifəroğlu

İcraçı katib:                                                                        Əvəz Rüstəmov

23.05.2023