“Unibank” “Gununsesi.info”ya və digər saytlara qarşı - Qərar №10
Qərarın qəbul olunduğu tarix:23 may 2023-cü il.
Şikayətin baxılma tarixi: 19 may 2023-cü il.
Şikayətin məzmunu:
“Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşov Azərbaycan Mətbuat Şurasına 12 aprel 2023-cü il tarixli müraciətində “Gununsesi.info” saytının 3 aprel 2023-cü il tarixli yayımında “Unibank”da talama – Vətəndaşların əmanətləri mənimsənilib” sərlövhəli yazının getdiyini və həmin məqalənin digər saytlarda da yayımlandığını diqqətə çatdırıb. Yazıda həqiqətə uyğun olmayan fikirlərin yer almasını iddia edərək, narazılığını bildirmiş F.Abuşov bu halın bankın işgüzar nüfuzuna zərər gətirdiyini vurğulayıb və “Gununsesi.info” saytı barədə müvafiq tədbir görülməsini xahiş edib.
Cavabdehin izahatı:
Mətbuat Şurasının Katibliyi şikayətlə bağlı narazılıq doğurmuş yazının ilk mənbəyi olan “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli ilə əlaqə yaradıb. P.Həşimli məqalədə göstərilən faktların həqiqətə tam uyğun olduğunu, onları yayımlamazdan əvvəl qarşı tərəfə sorğu ünvanladıqlarını, lakin cavab ala bilmədiklərini, həmçinin, telefon əlaqəsi yaratmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb. P.Həşimli, eyni zamanda, narazılıq doğurmuş yazı ilə əlaqədar “Unibank”ın mövqeyinin yayımlanmasına razı olduğunu da bildirib.
Azərbaycan Mətbuat Şurasının qərarı
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq Qərara alır:
Qərar
- “Gununsesi.info” saytı rəhbərliyinin Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşovun Azərbaycan Mətbuat Şurasına bu saytın 3 aprel 2023-cü il tarixli yayımındakı “Unibank”da talama – Vətəndaşların əmanətləri mənimsənilib” sərlövhəli yazı ilə bağlı qarşı tərəfin mövqeyinin işıqlandırılmasına hazır olmasına dair mövqeyi məqbul qiymətləndirilsin;
- Unibank”ın rəhbərliyinə “Gununsesi.info” saytının 3 aprel 2023-cü il tarixli yayımındakı “Unibank”da talama – Vətəndaşların əmanətləri mənimsənilib” sərlövhəli yazı ilə bağlı mövqeyini bildirmək üçün bu sayta müraciət etmək tövsiyə olunsun.
İdarə Heyətinin sədri: Rəşad Məcid
Şikayətlər üzrə Komissiyanın sədri: Vüqar Zifəroğlu
İcraçı katib: Əvəz Rüstəmov