Babayev Aqil Zalış oğlunun cinayət işi üzrə zərərçəkmiş şəxslər “Hürriyyət” Media Qrupunun rəhbəri Vüqar Məmmədova qarşı - Qərar №9

Qərarın qəbul olunduğu tarix:23 may 2023-cü il.

Şikayətin baxılma tarixi: 19 may 2023-cü il.

Şikayətin məzmunu:

Babayev Aqil Zalış oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslər Azərbaycan Mətbuat Şurasına 25 aprel 2023-cü il tarixli birgə müraciətlərində “Hürriyyət” Media Qrupunun rəhbəri Məmmədov Vüqar Tofiq oğlunun bu media orqanının Youtube platformasındakı canlı yayımlarında özlərinin şərəf və ləyaqətlərini aşağılayan, məhkəmə prosesindəki zərərçəkmiş şəxs olaraq heysiyyatlarına toxunan, prosesin gerçək mahiyyətini əks etdirməyən fikirlərin yayımlandığını bildiriblər və V.Məmmədov barədə müvafiq tədbir görülməsini xahiş ediblər.

Cavabdehin izahatı:

Mətbuat Şurasının Katibliyi şikayətlə bağlı V.Məmmədovla əlaqə yaratmış, o, Şuranın Şikayətlər üzrə Komissiyasının 19 may 2023-cü il tarixli iclasına dəvət edilmişdir.

Şikayətlər üzrə Komissiyanın iclasında V.Məmmədov və Babayev Aqil Zalış oğlunun cinayət işi üzrə zərərçəkmiş şəxslərin bir qrupu iştirak etmişdir. Cavabdeh canlı efirdə səsləndirdikləri fikirlərin məhkəmə zalındakı şahid ifadələrindən götürüldüyünü bildirmişdir.

Qarşı tərəf prosesdə efirdə səsləndirilmiş ifadələri vermədiklərini diqqətə çatdırmışdır.

V.Məmmədov şikayətçilərə öz fikirlərini çatdırmaq üçün efir verməyə razılığını bildirmişdir. Bu, şikayətçilər tərəfindən məqbul qiymətləndirilmişdir.

Azərbaycan Mətbuat Şurasının qərarı

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq Qərara alır:

Qərar

  1. Babayev Aqil Zalış oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslərin “Hürriyyət” Media Qrupunun rəhbəri Məmmədov Vüqar Tofiq oğluna qarşı şikayəti üzrə tərəflər arasında anlaşma əldə olunduğu nəzərə alınaraq məsələ qapanmış sayılsın.

İdarə Heyətinin sədri:                                                        Rəşad Məcid

Şikayətlər üzrə Komissiyanın sədri:                                   Vüqar Zifəroğlu

İcraçı katib:                                                                        Əvəz Rüstəmov

23.05.2023