Bakı şəhər sakini Baxışzadə Mehman Azad oğlu “Qafqazinfo.az” saytına qarşı - Qərar №2

Qərarın qəbul olunduğu tarix:15 noyabr 2022-ci il.

Şikayətin baxılma tarixi: 19 oktyabr 2022-ci il.

Şikayətin məzmunu:

Bakı şəhər sakini Baxışzadə Mehman Azad oğlu Azərbaycan Mətbuat Şurasına ünvanladığı 7 oktyabr 2022-ci il tarixli müraciətində “Qafqazinfo.az” saytında yayımlanmış “Aqilin istəyi ilə evləndim, sonradan arvadımla onun münasibətini öyrəndim” sərlövhəli yazının müxtəlif kütləvi informasiya vasitələri tərəfindən də paylaşıldığını, həmin materialda şərəf və ləyaqətinin ləkələndiyini iddia edib. Şikayətçi, həmçinin, bu materialı qələmə alan və paylaşan şəxslərin dairəsinin müəyyənləşdirilərək, onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.

Cavabdehin izahatı:

Şikayətçinin istəyinin təmin edilməsi Mətbuat Şurasının səlahiyyətlərinə daxil olmadığından, cavabdeh tərəflə əlaqə saxlanılmayıb. Şuranın Katibliyinin şikayətçi tərəflə apardığı danışıqlar da nəticə verməyib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq qərara alır:

Qərar

  1. Bakı şəhər sakini Baxışzadə Mehman Azad oğlunun “Qafqazinfo.az” saytında yayımlanmış “Aqilin istəyi ilə evləndim, sonradan arvadımla onun münasibətini öyrəndim” sərlövhəli yazı ilə bağlı Azərbaycan Mətbuat Şurasına ünvanladığı 7 oktyabr 2022-ci il tarixli müraciətində yer almış cinayət məsuliyyətinə cəlb etmə tələbinin yerinə yetirilməsi Şuranın səlahiyyətlərinə aid olmadığından, məsələ baxılmamış saxlanılsın və bununla bağlı şikayətçiyə müvafiq yazılı məlumat verilsin.

İdarə Heyətinin sədri:                                                        Rəşad Məcid

Şikayətlər üzrə Komissiyanın sədri:                                   Vüqar Zifəroğlu

İcraçı katib:                                                                          Əvəz Rüstəmov

19.10.2022