Səadət Məmmədova

about1

Səadət Məmmədova,
Azərbaycan Mətbuat Şurası sədrinin müavini

1995-ci ildə, II kursda oxuyarkən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV) ilə tələbə kimi ştatdankənar əməkdaşlığa başlayıb.

Azərbaycan Radiosunun Xəbərlər, Hərbi vətənpərvərlik redaksiyalarında freelancer müxbir işləyib. Sonra Azərbaycan Televiziyasının SƏHƏR proqramında təcrübəçi müxbir, daha sonra AzTV2-nin Xəzər studiyasında ştatdankənar müxbir kimi fəaliyyət göstərib.

1998–2000-ci illərdə ANS televiziyasında müxbir və aparıcı, redaktor-aparıcı vəzifələrində çalışıb. "Xəbərçi", "Nəzər nöqtəsi" verilişlərini aparıb.

2000-ci ildə yeni yaradılan LİDER televiziyasının xəbər xidmətinin təşkili məqsədilə həmin kanala dəvət olunub.

Lider TV-nin "SƏDA" xəbərlər departamentini yaradıb və baş redaktor kimi departamentə rəhbərlik edib. Həm də ilk dövrdə xəbərlərdə aparıcı, sonralar "167-ci saat" ictimai-siyasi analitik proqramının müəllifi və aparıcısı olub.

2002-ci ildən 2006-cı ilədək jurnalist fəaliyyəti ilə bağlı müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak edib. 

2006-cı ilin iyununda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC -də (AzTV) Xəbərlər redaksiyasının baş redaktoru təyin olunub. Eyni zamanda "Günün nəbzi", "Xəbərlər" proqramlarında aparıcılıq edib.

2007-ci ilin mayında AzTV-dən ayrılıb, dövlət qulluğuna keçib. 4 ildən çox Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində işləyib.

2011-ci ildə Azərbaycanda ilk dəfə yaradılan HD formatlı internet televiziyasının (YURD TV) formalaşdırılması prosesinə dəvət alıb. Bu, ölkədə yeni rəqəmsal media sahəsində ən böyük, ciddi və uğur qazanan layihələrdən biri olub və sonra yaranan bir neçə internet TV məhz onun əsasında formalaşdırılıb. Layihə 3 il davam edib.

2015-ci il oktyabrln 15-də CBC beynəlxalq telekanalında yeni yaradılan Azərbaycan Redaksiyasına rəhbər, baş redaktor vəzifəsinə dəvət olunub. 2017-ci ilin dekabrında isə CBC TV-də Xəbərlər və İnformasiya Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

01.10.2022