Vüqar Rəhimzadə
Vüqar Rəhimzadə
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Rəhimzadə Vüqar Gəncəli oğlu 1967-ci il may ayının 24-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonu Saltaq kəndində anadan olub. 1984-cü ildə Saltaq kənd orta məktəbini bitirib.
Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olub. Həmin ildən əmək fəaliyyətinə başlayıb.
"Azərneftkimyazavodtəmir" trestinin 1 nömrəli Təmir Tikinti İdarəsındə yardımçı fəhlə və quraşdırıcı çilingər vəzifələrində çalışıb.
1985–1987-ci illərdə Rusiyanın İrkutsk vilayətində hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirməklə yanaşı əvvəllər işlədiyi muəssisədə çalışıb. Bu dövrdə respublikada nəşr olunan bir sıra qəzetlərlə müntəzəm əməkdaşlıq edib.
1989-cu ilin oktyabr ayından yaradıcılıq fəaliyyəti nəzərə alınaraq trestin çoxtirajlı "Böyük kimya uğrunda" qəzetinin müxbiri kimi çalışıb. 1990-cı ilin iyulunda həmin qəzetin redaktoru vəzifəsinə təyin olunub.
Jurnalistlik fəaliyyətini 1991-ci ildən "İki sahil" qəzetində əvvəlcə məsul katib, indiyədək baş redaktor kimi davam etdirməkdədir. 1997–2000-ci illər ərzində eyni zamanda "Azərneftyağ" İstehsalat Birliyində Baş direktorun sosial məsələlər üzrə müavini işləyib.
1992-ci ildə Azərbaycan Neft Akademiyasını, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1994-cü ildə mətbuatda səmərəli fəaliyyətinə görə, "Kamil sənətkar" diplomuna layiq görülüb. "Qızıl qələm" mukafatı laureatıdır.
2000-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində 5 saylı Culfa-Ordubad seçki dairəsindən Azərbacan Respublikası Milli Məclisinin deputatı seçilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür, "91-lər"dən biridir.
2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılması ilə bağlı təşkilat komitəsinin üzvü olub, Azərbaycan jurnalistlərinin I qurultayında isə Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib. Növbəti qurultaylarda da jurnalisitlər tərəfindən Mətbuat Şurası İdarə heyətinin üzvülüyünə yenidən etimad göstərilib. Hazırda Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Dövlət başçısının digər Sərəncamı ilə 2011-ci ilin İyulun 18-də 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.
Ailəlidir, üç övladı var.