Onlar birinci idilər…Nadir Zeynalovum xatirəsinə
İngilis qəzeti «The Sunday Times»in məlumatlarına görə stress vəziyyətlərinin baş verməsi ehtimalı baxımından jurnalistlər taksi sürücüləri, yanğınsöndürənlər, hərbçilər və digərləri kimi riskli peşələri qabaqlayaraq, yalnız şaxtaçılardan və polislərdən geri qalırlar. Mən daha KİV işçilərinin, xüsusən üzdəniraq «qaynar nöqtələrdə» həyatına birbaşa təhlükədən danışmıram. Beynəlxalq «Sərhədsiz reportyorlar» təşkilatı həlak olmuş və itkin düşmüş həmkarları barədə məlumat toplayır və dərc edir. İllik matəm siyahısı onlarla deyil, hətta yüzdən artıq adı əhatə edir.
…Bizim nəslin payız yarpaq tökümünün belə tez başlayacağını heç vaxt düşünməzdim. Lakin son on ildə xeyli dostumu itirdim, demək olar ki hamısı jurnalist idi, kimi qəzetdə, kimisi radioda və ya televiziyada çalışırdı, hamısı öz işinin peşəkarı, bir çoxu müstəqil Azərbaycan jurnalistikasının pioneri idi. Elmira Əmrah qızı – Bakıda «Azadlıq» radiosu Azərbaycan bürosunun təşkilatçısı və ilk rəhbəri; Elmira Əsgərova - Rusiyanın ilk müstəqil agentliyi «İnterfaks»ın Azərbaycanda ilk xüsusi müxbiri; Vladimir Morozkov – çox gözəl jurnalist və redaktor, 70-ci illərdə uzun müddət Heydər Əliyevi onun səfərlərində müşayiət etmiş insan; Oqtay Məmmədov – AzərTACın fotoxronika şöbəsinin rəhbəri, Vaqif Ağayev – Heydər Əliyev haqqında gözəl sənədli filmlərin rejissoru. Təəssüf ki, onların hamısı həyatdan nisbətən cavan getdilər: kimi qırxı, kimi əllini keçmiş. Bu yaxınlarda isə biz bir çox illər, o vaxtın təbiriylə desək, Mərkəzi televiziyada operator işləmiş Nadir Zeynalovu itirdik. Bütün bu insanlar müstəqil Azərbaycan jurnalistikasının təməlini qoymuşlar, həmin o jurnalistikanın ki, fəxr etməyə layiqdir və onun nümunəsində öyrənməyə dəyər. Bu jurnalistika ehtimallardan, şayələrdən, mətbəx qeybətindən uzaq idi, onun üçün plagiat, özgə mənbələrindən köçürmələr iyrənc idi. Həmkarlarım arasında belə bir deviz var idi: efirə (qəzet, sayt səhifələrinə və s.) yalnız yoxlanılmış və etibarlı informasiyanı, yalnız ölçülüb-biçilmiş və obyektiv materialları vermək, yalnız öz əlinlə çəkdiklərini göstərmək. Məsələn, Nadir Zeynalov öz redaktoru Mais Məmmədovla birgə Azərbaycanın bütün qaynar nöqtələrində reportajlar çəkirdi, Moskva televiziyası ilə yanan kəndlərimizin, evsiz-eşiksiz qaçqınlarımızın, Xocalı şəhərinin körpə sakinlərinin güllələnmiş bədənlərinin kadrlarını göstərirdi. Cingiz Mustafayev Xocalı soyqırımının kadrlarını onunla birlikdə çəkmişdi, onlar bu edam yerinə eyni vertolyotda gəlmişdilər. Lakin Cingiz bir az sonra həyatını itirdi, Milli qəhrəman oldu və bu gün ölkədə onun haqqında bilməyən yoxdur. Nadir möcüzə nəticəsində sağ qaldı. Və bəlkə də buna görə onu az tanıyırlar. Təəssüf ki, bizdə adətən insanları yalnız onların ölümündən, yaxud həlak olandan sonra qiymətləndirirlər. Amma, axı Nadir Zeynalov kimilər həyatda ikən artıq öz peşələrinin əfsanəsi idilər.
Yuxarıda adını çəkdiyim dostlarımın hamısı həyatdan öz əcəliylə - top atəşi və snayper gülləsi nəticəsində yox – müxtəlif xəstəliklərdən getmişlər. Lakin heç kəs məni onların döyüş postunda ölmədiklərinə inandıra bilməz. Bayaq jurnalistikanın dünyada ən təhlükəli və sağlamlıq üçün ən zərərli peşələrdən olduğunu qeyd etdim. Mən buna əlavə edərdim: operativ jurnalistika. Yəni reportyorun işi. O hər şeyi bilməli, heç nəyi gözdən qaçırmamalı, özünü hər yerə çatdırmalıdır. Və bununla yanaşı, son dərəcə sərt rəqabət şəraitində işləməlidir, belə ki daim arxasında digər informasiya agentlikləri və ya telekanallardakı həmkarlarının nəfəsini hiss edir. Bircə, bu və ya digər hadisə haqqında məlumatı o biri xüsusi müxbirlərdən bir saat yaxud yarım saat gec ver - ən təcrübəli, peşəkar müxbirlərdən olduğuna, müdriyyətdən min bir təşəkkür aldığına heç bir güzəşt etməyərək, səni dərhal cəzalandırar, qınayarlar. Xülasə, hər gün təzədən peşəkarlıqdan işə yarama imtahanı verməli olursan. Daimi seytnot şəraitində, fiziki və mənəvi qüvvənin son həddində iş, stresli situasiyaların çoxluğu, heç olmasa bir günlük dincini almaq, gərginlikdən çıxmağın mümkünsüzlüyü – bütün bunlar, əlbəttə, əsəb yüklənmələrinə gətirib çıxarır və onların ömrünü kifayət qədər qısaldırdı. Buraya ailəni – sevgilərini sonacan verə bilmədikləri valideynləri, uşaqları, o kəslərə ki, lazımı diqqət yetirə bilməmişdilər, əlavə edin, buraya oğul və qızlarına edə bilmədikləri toyları, sağlıqlarında doğulmamış nəvələrini də əlavə edin və siz bu insanların qurbanlıq dərəcəsini, onların sevimli peşələrinə sədaqətlərinin ölçüsünü anlayarsız.
Mənim üçün onların hamısı – həyatı belə tez tərk etmiş döyüş dostlarım, silahdaşlarım və məsləkdaşlarım, sağdır. İstəyirəm ki, onlar mütləq yazılacaq müstəqil Azərbaycanın jurnalistika tarixində də yaşasınlar, harada ki onların adları qızıl hərflərlə həkk olunacaqdır. Hər halda buna ümid etmək istərdik.
Nadir Zeynalov mənim xatirimdə daim gülümsər, kefçil, gəzəyən, həmkarların sevimlisi, istənilən məclisin ürəyi olaraq qalacaqdır. Bir qalaq tez ağarmış, tamamilə bəyaz saçlı oğlan. Yalnız bu, onun həyatda yaşamağa məcbur olduğu bütün ağrı-acını biruzə verirdi.
"Baku Post" qəzeti,
23 may 2012 il
Tərcümə: Ülfət Kürçaylı