Jurnalistlər 22 iyul Milli Mətbuat Günü ilə bağlı Fəxri Xiyabanı ziyarət ediblər

about1

Bu gün 22 iyul Milli Mətbuat Günüdür. Bu münasibətlə ölkənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib, üzərilərinə əklil qoyub, tər çiçəklər düzüblər. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilmiş mərasimdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov böyük mütəfəkkir Həsən bəy Zərbanin həyat yolundan söz açıb. O bildirib ki, Həsən bəy Zərdabi çox çətin şəraitdə, ağır şərtlər altında «Əkinçi» qəzetinin nəşrinə başladı, çoxsaylı məhrumiyyətlərə sinə gərərək nəşri iki il müddətində ayaqda saxlamağı bacardı. Ancaq bu iki ilin özü də yetərli oldu. Belə ki, «Əkinçi»dən sonrakı nəşrlər onun ənənələrini davam etdirdilər. Ə.Amaşov sovet dövrü Azərbaycan mətbuatının da Həsən bəy Zərdabi ənənələrinə sadiq qaldığını vurğulayıb. Müasir dövrdə müstəqillik illərində Azərbaycan mediasının inkişaf xüsusiyyətlərindən söz açan MŞ sədri vurğulayıb ki, bu gün ölkə jurnalistikası Azərbaycan dövlətinin sistemli qayğısı ilə əhatə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında milli mətbuatımızın ölkəmizin ictimai həyatındakı rolunun yüksək olduğunu vurğulayıb. Azərbaycanda mediaya göstərilən dövlət qayğısından söz açan icraçı direktor bildirib ki, görülən işlər Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuat ənənələrinə sadiqlik ruhundan qaynaqlanır.

***

Bu gün - Milli Mətbuat Günündə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu II Fəxri Xiyabanda “Monitor” jurnalının 2005-ci ildə qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarını da ziyarət ediblər.

22.07.2019