Mətbuat Şurası ilə ARDNF–nin birgə müsabiqəsinin qalibləri mükafatlandırılıb

about1

2019-cu il iyul ayının 19-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Azərbaycan Mətbuat Şurası ilə bu dövlət qurumunun “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında birgə təşkil etdiyi analitik yazı müsabiqəsi üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov, Şurasının İdarə Heyətinin üzvləri və müsabiqəyə qatılan jurnalistlər iştirak ediblər.

Toplantını giriş sözü ilə açan Ş.Mövsümov iştirakçılara ARDNF-nin 20 illik fəaliyyəti barədə məlumat verib. Müsabiqənin nəticələrindən danışan İcraçı direktor təqdim edilən 31 yazının Mətbuat Şurası və ARDNF-nin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildiyini bildirib. Ş.Mövsümov qeyd edib ki, bir sıra yazıların qiymətləndirmə nəticələri yaxınlıq və ya eynilik təşkil etdiyindən mükafatlandırmada müəyyən dəyişikliklər aparılıb. Belə ki mükafatlandırmada 1 nəfərə 1-ci yer, 2 nəfərə 2-ci yer, 3 nəfərə 3-cü yer və 10 nəfərə həvəsləndirici mükafatın təqdim olunması qərara alınıb.

Tədbirdə çıxış edən Əflatun Amaşov bildirib ki, media təmsilçiləri üçün keçirilən belə müsabiqələr jurnalistikada ixtisaslaşmanı dərinləşdirir. Azərbaycan milli mətbuatının ictimai həyatdakı roluna toxunan Ə.Amaşov onu da qeyd edib ki, 22 iyul Milli Mətbuat günü öncəsi jurnalist əməyinin qiymətləndirilməsi ümumilikdə mətbuatımıza dəyərdir. Buna görə də Neft Fonduna təşəkkürünü bildirib.

Sonda müsabiqə qaliblərinin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib.

Ümumilikdə 31 jurnalistin iştirak etdiyi müsabiqədə “Kaspi” qəzetinin əməkdaşı Məğrur Əliyev 1-ci yerə, “Azərbaycan” qəzetinin əməkdaşı Flora Sadıqova və “Region Plus” jurnalının əməkdaşı Nurlanə Quliyeva 2-ci yerə, “İki sahil” qəzetinin əməkdaşı Cavid Əkbərov, “Economic News Agency” informasiya agentliyinin əməkdaşı İlhamə Abdullayeva və “Yeni Müsavat” qəzetinin əməkdaşı Dünya Camalova 3-cü yerə layiq görülüblər.

Eyni zamanda, “Moderator.az” saytının əməkdaşı Seymur Əliyev, “İki sahil” qəzetinin əməkdaşı Ceyhun Piriyev, “Fins.az” saytının əməkdaşı Tuncay Türbəndəzadə, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Mübariz Abdullayev, “İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynova, “Xalq qəzeti”nin əməkdaşı Paşa Əmircanov, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Qaşqay Ramazanov, “Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli, “525-ci” qəzetin əməkdaşı Sevinc Cəfərova  və “CBC” telekanalının əməkdaşı Vəfa Quliyeva həvəsləndirici mükafatlarla təltif ediliblər. 

Tədbir iştirakçıları Fondun inzibati binası, iş xüsusiyyətləti və muzeyi ilə tanış olublar.

19.07.2019