Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. MŞ sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda öncə MŞ-nin 2020-ci ilin 8 ayı ərzində gördüyü işlərə dair hesabatı dinlənilib. Ə.Amaşov bildirib ki, Şuranın fəaliyyətində iki ənənəvi xətt olub. Ümumi fəaliyyətin 57,2 faizini təşkil edən şikayətlərin araşdırılması və 42,8 faizlə müxtəlif istiqamətləri əhatə edən işlər.

“2020-ci ilin yanvar-avqust ayları ərzində Şuraya ümumilikdə 376 müraciət daxil olub. Onlardan 251-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. 125 müraciət digər məsələlərlə bağlıdır.

251 şikayətin 88-i ayrı-ayrı vətəndaşlardan, 93-ü dövlət idarə, müəssisə və təşkilatlarından, 70-i isə özəl müəssisələrdən daxil olub. 173 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 78 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib. Burada baxılan 78 məsələdən 66-sı komissiya səviyyəsində həllini tapıb”, - deyə MŞ sədri aydınlıq gətirib.

Şikayətlərin KİV-lər üzrə təsnifatına gəlincə, Ə.Amaşov bildirib ki, internet xəbər portallarından şikayətlər ümumi şikayətlərin 65,8, informasiya agentliklərindən şikayətlər 18,1, qəzetlərdən şikayətlər 15,1, jurrnallardan şikayətlər isə 1 faizini təşkil edib.

MŞ sədri hesabatında quruma daxil olan şikayətlərdə ifadə olunan narazılıqları da müvafiq faiz göstəriciləri ilə sadalayıb. Bu baxımdan o, şikayət doğuran materiallarda qarşı tərəfin mövqeyinin işıqlandırılmamasından (35,9 %), işgüzar nüfuzun ləkələnməsindən (29,3 %), şərəf və ləyaqətin təhqirindən (27,4 %) söz açıb və əlavə edib ki, 7,4 faiz şikayət digər müxtəlif məsələlərlə əlaqədardır.  

Azərbaycan Mətbuat Şurasına daxil olan müraciətlərdə ifadə olunan tələblərdən söz açan Ə.Amaşov bildirib ki, şikayətçilərin 26,4 faizi yayımlanmış materialın silinməsini, 20,1 faizi üzr istənilməsini, 17,8 faizi təkzib verilməsini, 15,8 faizi mövqeyinin işıqlandırılmasını, 12,7 faizi KİV-in fəaliyyətinin dayandırılmasını, 7,2 faiz isə digər qanuni ölçünün götürülməsini istəyib. Buna qarşılıq Şura cavabdeh KİV-lərin 31,3 faizinin təkzib verməli, 29,9 faizinin qarşı tərəfin mövqeyini işıqlandırmalı olduğunu müəyyənləşdirib. Digər hallarda Şura məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfi məlumatlandırıb.

MŞ sədri diqqətə çatdırıb ki, medianın 9 fevral Parlament seçkilərini işıqlandırmasının vəziyyəti bir neçə mərhələdə öyrənilib. Bunlardan birincisi ümumən KİV-lərin monitorinqinin aparılması, ikincisi isə seçki günü jurnalistlərin öz peşə vəzifələrini reallaşdırmalarının monitorinqidir: “9 fevral Parlament seçkilərinin keçirildiyi gün Şuranın şəhər və mobil telefon nömrələri “qaynar xətt” rejimində işləyib. Fevralın 10-da qurum özünün  yekun hesabatını cəmiyyətə açıqlayıb”.

Ə.Amaşov həmçinin bildirib ki, rəhbərlik etdiyi təşkilat ötən müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək verib, jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinin səmərəliləşdirilməsi istiqamətində Operativ Qərargah və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə müntəzəm təmaslar yaradıb. Bunun nəticəsində 20-dək redaksiyanın ümumilkdə 30-dan çox əməkdaşının, həmçinin onlarla müstəqil jurnalistin iş sərbəstliyi qanunvericiliyə və qoyulmuş qaydalara uyğun tənzimlənib. Bu fəaliyyət 2020-ci ilin mart-iyun aylarını əhatə edib.

Ə.Amaşov bildirib ki, MŞ KİV-lərə “COVID-19” pandemiyası dövründə medianın nələrə diqqət yetirməli olduğuna dair 4 tövsiyə mətni ünvanlayıb. Bundan başqa Şura hesabat müddətində pandemiya mövzusunun mediada işıqlandırılması ilə bağlı onlayn konfranslar təşkil edib, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının mövzuya dair onlayn konfranslarında iştirak edib.

“İyunun 26-da Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi və Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə yeni maddə (533-1) əlavə edilib. Bu maddə kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması ilə bağlı cərimələrin nəzərdə tutur. Belə ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Mətbuat Şurasının sədri və müavinlərinə həmin cərimələrin tətbiqi üçün protolol tərtib edərək məhkəməyə göndərmək səlahiyyəti verilib”, - deyə Ə.Amaşov bildirib.

Şura sədri həmçinin qeyd edib ki, rəhbəri olduğu qurum iyulun 13-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması ilə bağlı Azərbaycan mediasına müraciət ünvanlayıb. Müraciətdə jurnalistlərin peşə vəzifələrinə həssas yanaşmaları tövsiyə olunub.

Ə.Amaşov MŞ-nin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli Prezident Sərəncamından irəli gələn fəaliyyətə də həssas yanaşdığını diqqətə çatdırıb. Mətbuat Şurasına təltiflərlə bağlı jurnalistlərdən gələn müraciətlər sistemləşdirilərək Prezident Administrasiyasına göndərilib.

Hesabat dövründə MŞ Dövlət İmtahan Mərkəzinin ali məktəblərin jurnalistika fakültələrinə qəbuldakı qabiliyyət imtahanlarının işində də yaxından iştirak edib.

***

Mətbuat Şurası “Nəriman Nərimanov mükafatı” və “Əziz Əliyev mükafatı” təsis edir

 

Ə.Amaşov həyat və yaradıcılıqlarında, fəaliyyətlərində mətbuat amilinin ön planda olduğu tarixi şəxsiyyətlərimizin irsinin yaşadılmasına hər zaman xüsusi diqqət yetirildiyini bildirib. O deyib ki, bu şəxsiyyətlər mətbu sözün daşıdığı missiyanın böyüklüyünü əməli işləri ilə dəyərləndirib, mövcud istiqamətdə əsl fədakarlıq göstəriblər. “Belə dəyərli simalardan ikisinin – Nəriman Nərimanovun və Əziz Əliyevin adına mükafat təsis etməyi düşünürük. Nəriman Nərimanov qəzet oxumağın mənəvi tələbata çevrilməsinə əzmlə çalışan ziyalılarımızdandır. Tiflis ədəbi mühitinin nümayəndəsi olan Nərimanov elmi-mədəni elitanın, milli burjuaziyanın formalaşmasında söz sənətinin əhəmiyyətini hər zaman vurğulayıb. Əziz Əliyev isə qısa fasilələrlə iki dəfə Tibb Universitetinin rektoru olub. Hazırda universitetinin “Təbib” adlı qəzeti işıq üzü görür ki, həmin nəşr vaxtilə “Tibbi kadrlar uğrunda” adını daşıyıb və məhz görkəmli alimin təşəbbüsü ilə fəaliyyət göstərib. Ə.Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olarkən, bu təhsil ocağının “Bakı Universiteti” qəzetinin nəşrini reallaşdırıb. Qəzet “Bakı tərbiyəsi uğrunda” adlanıb. Görkəmli dövlət xadimi Cənubi Azərbaycanda tarixə “Əziz Əliyev missiyası” kimi düşmüş missiyaya rəhbərlik etdiyi vaxtlarda ictimai xadim, xalq yazıçısı Mirzə İbrahimovun rəhbərlik etdiyi “Vətən yolunda” qəzetini qurub. Ə.Əliyev Dağıstana rəhbərliyi illərində 80-dən çox xalqın yaşadığı bu respublikada 30 müxtəlif xalqın dilində qəzetin işıq üzü görməsində yaxından iştirak edib. Bütün bunlar Mətbuat Şurasına onların adını daşıyan mükafatlar təsis etmək üçün imkan verir. Yaxşı olar ki, Azərbaycanda səhiyyənin tarixi, keçdiyi yol, nailiyyətləri ilə bağlı mətbuatda və digər kütləvi informasiya vasitələrində təbliğat aparan, cəmiyyətin mövcud istiqamətdə maarifləndirilməsinə əmək sərf edən, habelə əməli fəaliyyəti ilə insanları sahənin incəlikləri ilə tanış edən şəxslər mükafatların laureatları olsunlar”, - deyə Ə.Amaşov bildirib. O, əlavə edib ki, hər iki mükafatın ilk laureatlarının dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizədə aktivliyi ilə seçilmiş tibb işçilərinin, tibb ictimaiyyətinin nümayəndələrinin olması vacibdir. MŞ İdarə Heyətinin də bu istiqamətdə təkliflər verməsi şərtdir.

***

Xüsusi gödəkçələrlə bağlı məsələ müzakirə olundu

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesabatı müsbət qiymətləndirdiyini bildirib. O pandemiya dövründə Şuranın kifayət qədər məhsuldar çalışdığını vurğulayıb. Xüsusən jurnalistlərin sərbəstliyinin mümkün qədər təmin edilməsinə həssas yanaşılmasını vacib məqam kimi önə çəkib. V.Rəhimzadə onu da bildirib ki, pandemiya şəraiti jurnalistikadakı sui-istifadələri də açıqlığı ilə ortaya qoydu. “Biz hər birimiz belə halları gördük. Düşünürəm ki, bunlardan nəticə çıxarılmalıdır. Eyni zamanda ciddi mübarizə aparılmalıdır, bunun üçünsə ilk növbədə qanuni mexanizmlər təkmilləşdirilməlidir”, - deyən V.Rəhimzadə MŞ-yə üzv olmaq üçün müraciətlərin çoxluğu məsələsinə diqqət yönəldib. O, hər bir müraciət edən media qurumunun fəaliyyətinin ciddi araşdırılmalı olduğunu bildirib.

MŞ sədri Ə.Amaşov mediadan sui-istifadə hallarının qarşısının alınması ilə bağlı məsələnin hər zaman gündəmdə olduğunu deyib. Bu baxımdan o, diqqəti jurnalistlər üçün üzərində “PRESS” yazılmış gödəkçələrin verilməsi məsələsinə yönəldib: “Bu gödəkçələr hazırdır. Onlar nömrələniblər. Məsələyə dair Daxili İşlər Nazirliyi ilə müzakirə aparmışıq. Kütləvi aksiyalarda çoxlu sayda jurnalistin nizamsız şəkildə hərəkət etdiyini, bəzən polis orqanlarının əməkdaşları ilə konfliktə getdiklərini görürük. Jurnalistin işi aksiyanı işıqlandırmaqdır. Şüarlar səsləndirmək, maneçilik törətmək deyil. Baxırsan ki, xüsusi gödəkçədə olan biri ilə polis arasında insident yaranır. İnsidentin kökü isə heç də bilərəkdən jurnalist fəaliyyətinə maneçiliklə əlaqədar olmur. Ancaq hər kəsin əynində “PRESS” gödəkçə var. Belə hallar yolverilməzdir və tənzimlənməlidir. Nömrələnmiş xüsusi gödəkçələrdən istifadə də buna görədir. Təbii ki, onların paylanmasına ciddi yanaşılmalı, qaydalar tətbiq edilməlidir”.

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də çıxışında Şuranın ötən səkkiz ayda kifayət qədər işlər gördüyünü vurğulayıb. O, qurumun İdarə Heyətinin ayrı-ayrı üzvlərinin də pandemiya ilə əlaqədar maarifləndirmə işlərində aktivlik göstərdiklərini bildirib. “Pandemiya dövründə saxta vəsiqələrlə bağlı problemlər də meydana çıxdı. Buna və digər səbəblərə görə jurnalistlərin reyestri aparılmalıdır. Belə olduqda biz vəziyyəti konkret görəcəyik. Kimlərin sui-istifadəyə yol verdiklərini də həmçinin. Bu kimi hallara son qoyulmalıdır. Çünki jurnalistika ilə bağlı mənfi təəssürat formalaşır”, - deyən E.Mirzəbəyli bildirib ki, MŞ İdarə Heyətinin üzvləri jurnalistika ilə bağlı qabiliyyət imtahanında iştirak etdilər. Jurnalistikanı seçənlərin kəmiyyətində artım olsa da, keyfiyyət aşağıdır: “Məsələyə sistemli yanaşmaq istəyiriksə, Təhsil Nazirliyi ilə birgə orta məktəblərdən başlamalıyıq. Bunu yuxarı sinif şagirdləri arasında yazı müsabiqələrinin təşkili ilə gerçəkləşdirmək və yazı qabiliyyəti ilə seçilənləri elə məktəbdəcə seçmək mümkündür. Hər bir halda işin konkret mexanizmi formalaşmalıdır”.

Vahid KİV Bankı təklifi

Ə.Amaşov MŞ-nin Vahid KİV Bankının yaradılması ilə əlaqədar təklifinin olduğunu vurğulayıb. “Biz belə düşünürük ki, bu sistem media və əmək fəaliyyəti ilə bağlı qurumların bazalarına inteqrasiya olunmuş sistem olmalıdır. Jurnalistika strateji sahədir. Bu sahədə çalışan hər bir şəxs barədə bilgilər həmin sistemə daxil edilməlidir. Bu, sahəyə fundamental yanaşmanı təmin edəcək və sui-istifadələrin də qarşısını alacaqdır. Prosesin reallaşması üçün həm media ictimaiyyətinin, həm də müvafiq qurumların iradəsinin olması şərtdir”.   

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında hesabat dövründə görülən işlərdən məmnunluğunu dilə gətirib. Aksiyalarda bir qrup şəxsin əyinlərində jurnalist gödəkçəsi ilə probem yaratdıqlarını vurğulayan A.Həsrət məsələnin tənzimlənməsinə sistemli yanaşılmasının zəruriliyini əsaslandırıb. O, həmçinin “KİV haqqında” Qanunun yenidən işlənilməsinə dair cəmiyyətdə gedən müzakirələrə münasibət bildirib və deyib ki, MŞ zaman-zaman bu məsələni gündəmə gətirib, indi də proseslərin önündə getməlidir.

MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Şuranın tövsiyə və təkliflərinin bir qayda olaraq hər zaman mediaya yönəldiyini vurğulayıb. Ancaq sosial şəbəkələr də ictimai rəyin formalaşmasında aktiv iştirak edirlər: “Hesab edirəm ki, Mətbuat Şurası sosial şəbəkələrlərdəki mənfi təmayüllərlə bağlı cəmiyyətin maarifləndirilməsi işində aktiv iştirak etməlidir. Çünki sosial şəbəkələrin başlıca instrumenti informasiyadır”.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov KİV-lərin prezident İlham Əliyevin söylədiyi ictimai nəzarət funsksiyasını yerinə yetirmələrinə dəstək göstərmələrinin zəruriliyini qabardıb. Bu işdə Şuranın İdarə Heyətinin üzvlərinin daha çox fəallıq göstərməli olduğunu önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid MŞ-nin 2020-ci ilin müvafiq dövrü ərzindəki fəaliyyətini müsbət qiymətləndirdiyini diqqətə çatdırıb. Şuranın hadisə və proseslərə kifayət qədər təmkinli və çevik yanaşdığını deyən baş redaktor sərt karantin rejimidə jurnalist fəaliyyətinə sərbəstliyin yaradılmasına dəstək göstərilməsini vacib məqam kimi önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev jurnalistika sahəsindəki problemlərin aradan qaldırılması üçün ayrıca Jurnalist Sənətkarlığı İnstitutunun yaradılmalı olduğunu deyib. Şuraya yeni üzvlərin qəbulu məsələsinə gəlincə, B.Həziyev də məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyacın duyulduğunu önə çəkib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında media fəaliyyətilə bağlı səslənmiş təkliflər ətrafında davamlı ictimai müzakirələrin aparılmasının zəruriliyini əsaslandırıb.

***

Mətbuat Şurasına yeni üzvlər qəbul olunması

İdarə Heyətinin digər üzvləri də qaldırılan məsələlərə dair fikirlərini ifadə etdikdən sonra  hesabat və qoyulmuş başqa məsələlər səsverməyə çıxarılaraq qəbul edildi.

İclasda Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsi müzakirə edildi. Qərara alındı ki, namizəd təşkilatlar barədə məlumatlar İdarə Heyətinin üzvlərinin hər birinə ayrılıqda təqdim edilsin və tezliklə İdarə Heyətinin bununla əlaqədar ayrıca iclası keçirilsin.

25.09.2020