Sədr

Əflatun Amaşov 26 aprel 1957- ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

1973-cü ildə Faxralı kənd orta məktəbini bitirib.

1976-1978-ci illərdə hərbi xidmətdə olub.

1979-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

1984-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb.

1995-ci ildə «Yeni Nəsil» Jurnalistlər Birliyinin yaradıcılarından biri olub. Üç il təşkilatın sədr müavini vəzifəsində işləyib.

1998-2003-cü illərdə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib.

2003-ci il martın 15-də ölkə jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Ölkə jurnalistlərinin 2005, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş qurultaylarlarının qərarı ilə Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsindəki fəaliyyətini davam etdirib.

Jurnalistika sahəsində onadək kitabın və dərs vəsaitinin müəllifidir.

Dünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının idarə heyətlərinin üzvüdür.

2011-2013-cü illərdə Türkdilli Ölkələrin və Toplumlarının Media Forumuna rəhbərlik edib.

2014-cü ildə MDB Məkanı üzrə Mətbuat Şuraları Assosiasiyasının sədri olub.

Media və insan hüquqları, söz, mətbuat və ifadə azadlıqları mövzusunda keçirilmiş 200-dək çox nüfuzlu beynəlxalq konfransda ölkəmizi təmsil edib. 

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. Ölkə Prezidentinin 3 iyun 2013-cü il tarixli Sərəncamı ilə ona yenidən etimad göstərilib.

Jurnalistika sahəsindəki fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2010-cu ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

Dövlət başçısının 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2017-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir. Bir övladı var.