Law of the Republic of Azerbaijan on Freedom of Information

Maddə 1. Məlumat azadlığı

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.

Maddə 2. Məlumat azadlığının təminatı

Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.

Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.

Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.

Maddə 3. Qanunun təyinatı

Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Maddə 4. Məlumat münasibətlərinin subyektləri

Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi şəxslərdir.

Maddə 5. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri

Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:

məlumat azadlığının təmin edilməsi;

məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;

məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;

məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi;

hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;

şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması.

Maddə 6. Məlumatın əldə edilməsi üçün təminatlar

Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:

dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə;

dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə;

statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə;

vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;

dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;

mediada, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə; [1]

normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə.

Maddə 7. Məlumat mənbələri

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, media subyektlərinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilirlər. [2]

Maddə 8. Məlumatın əldə edilməsi

Məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir.

Əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması məhdudlaşdırılan məlumata bölünür.

Maddə 9. Açıq məlumatın əldə edilməsi[3]

Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:

internet informasiya ehtiyatları vasitəsilə;

rəsmi nəşrlərlə;

kütləvi informasiyanın yayılması ilə; [4]

kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;

fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;

qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.

Açıq məlumatın alınması qaydası və şərtləri bu Qanunla, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.

Maddə 10. Alınması məhdudlaşdırılan məlumat[5]

Alınması məhdudlaşdırılan məlumatlara — dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir.

Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.[6]

Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət

Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə   tənzimlənir.[7]

Maddə 12. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ

Məlumatın verilməməsi barədə məlumat sahibinin yuxarı orqanına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), habelə məhkəməyə şikayət edilə bilər.[8]

Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür.

Maddə 13. Şəxsiyyət haqqında məlumat (fərdi məlumat)[9]

Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim edilməlidir.

Maddə 14. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ

Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır, işlənir və mühafizə olunur. Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.[10]

Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:

onun haqqında toplanan məlumatla tanış olmaq;

məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;

məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək.

Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır.[11]

Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.

Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.

Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.[12]

Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq media subyektlərinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.[13]

Maddə 15. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 19 iyun 1998-ci il

№ 505-IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       1 fevral 2000-ci il tarixli 799-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, maddə 136)

2.       25 mart 2003-cü il tarixli 429-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 178)

3.       5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)

4.       20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)

5.       12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 172)

6.       30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 162)

7.       5 mart 2013-cü il tarixli 587-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 17 aprel 2013-cü il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 359)

8.       31 may 2016-cı il tarixli 265-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1002)

9.       17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 448)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 448) ilə 6-cı maddənin yeddinci abzasında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.

[2] 17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 448) ilə 7-ci maddədə və 14-cü maddənin yeddinci hissəsində “kütləvi informasiya vasitərinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilmişdir.

[3] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 9. Açıq məlumatıəldə edilməsi

Açıq məlumatıəldə edilməsi aşağıdakı yollarla təmin edilir:

mütəmadi rəsmi nəşrlərlə;

kütləvi informasiya vasitələrinin yayılması ilə;

fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə.

Açıq məlumatın alınması qaydası və şərtləri bu Qanunla və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.

[4] 17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 448) ilə 9-cu maddənin birinci hissəsinin dördüncü abzasında “informasiya vasitələrinin” sözləri “informasiyanın” sözü ilə əvəz edilmişdir.

[5] 31 may 2016-cı il tarixli 265-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1002ilə 10-cu maddənin birinci və ikinci hissələrində “terror aksiyalarına” sözləri “terror aktlarına” sözləri ilə əvəz edilmişdir.

[6] 1 fevral 2000-ci il tarixli 799-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, maddə 136) ilə 10-cu maddənin birinci və ikinci hissələrinə “ailə həyatına” sözlərindən sonra, “terror aksiyalarına” sözləri əlavə edilmişdir.

25 mart 2003-cü il tarixli 429-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 178) ilə 10-cu maddənin birinci hissəsinə ikinci cümlə əlavə edilmiş, ikinci hissəsinə "terror aksiyalarına" sözlərindən sonra "ətraf mühitə" sözləri əlavə edilmişdir.

[7] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 11-ci maddələr yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 11. Məlumatıəldə edilməsi barədə müraciət

Məlumatıəldə edilməsi barədə müraciətə baxılması “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Məlumatıəldə edilməsi barədə müraciət “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən müddətdə baxılması nəticəsində həmin məlumat öəhəmiyyətini itirə bilərsə, məlumatın verilməsi barədə müraciətə dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq baxılmalıdır.

Məlumatıəldə edilməsi zəruriliyinin əsaslandırılmasının tələb olunması qadağandır.

Tələb olunan məlumat bu Qanunun 10-cu maddəsində göstərilən alınması məhdudlaşdırılan məlumata aid olduqda müraciət təmin olunmaya bilər.

[8] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 12-ci maddənin birinci hissəsində "məhkəməyə" sözündən əvvəl "məlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə, habelə" sözləri əlavə edilmişdir.

5 mart 2013-cü il tarixli 587-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 17 aprel 2013-cü il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 359ilə 12-ci maddədə “İnformasiya Məsələləri üzrə müvəkkilə” sözləri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)” sözləri ilə əvəz edilmişdir.

[9] 30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 162) ilə 13-cü maddənin adında “məlumat” sözündən sonra “(fərdi məlumat)” sözləri əlavə edilmişdir.

[10] 30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 162) ilə 14-cü maddədə birinci hissənin birinci cümləsində “toplanır” sözündən sonra “, işlənir və mühafizə olunur” sözləri əlavə edilmişdir.

[11] 30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 162) ilə 14-cü maddədə üçüncü-altıncı hissələr müvafiq olaraq dördüncü-yeddinci hissələr hesab edilmişdir, maddəyə üçüncü hissə əlavə edilmişdir.

[12] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 14-cü maddənin beşinci hissəsində "Məhkəmənin qərarı olmadan" sözləri "Qanunvericilikdə nəzərdə tutulmamış hallarda" sözləri ilə əvəz edilmişdir.

[13] 12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 172) ilə 14-cü maddəsinə altıncı hissə əlavə edilmişdir.

24.06.2024